AZ

Avropa İttifaqı rusiyalılar üçün viza qaydalarını sərtləşdirməyə hazırlaşır

Yeni qaydalar qüvvəyə mindikdən sonra Rusiya vətəndaşlarına əsasən bir dəfəlik vizalar veriləcək...

Poliqon xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşları üçün Şengen vizalarının verilmə qaydalarını ciddi şəkildə məhdudlaşdırmağa hazırlaşır. “Politico” nəşrinin məlumatına görə, bu qərar Moskvanın Ukraynaya qarşı davam edən müharibəsinə cavab olaraq qəbul edilir və çoxgirişli vizaların əksər hallarda dayandırılması ilə nəticələnəcək.

Üç Avropa rəsmisinin bildirdiyinə görə, yeni rejim qüvvəyə mindikdən sonra rusiyalılar adətən yalnız birgirişli vizalar ala biləcəklər. Yalnız humanitar səbəblər və ya Aİ vətəndaşlığı daşıyan şəxslər üçün müəyyən istisnalar tətbiq olunacaq.

Brüssel artıq 2022-ci ilin sonunda Rusiya ilə sadələşdirilmiş viza rejimi sazişini dayandıraraq rusiyalılar üçün viza alınmasını həm çətinləşdirib, həm də bahalaşdırmışdı. Bəzi üzv dövlətlər, xüsusilə Baltik ölkələri bundan da irəli gedərək rusiyalıların ölkəyə girişini tam qadağan etmiş və ya kəskin məhdudlaşdırmışdılar.

Avropa Komissiyasının məlumatına görə, 2024-cü ildə yarım milyondan çox rusiyalıya Şengen vizası verilib. Bu, 2023-cü illə müqayisədə artım göstərsə də, müharibədən öncəki göstəricilərlə müqayisədə çox aşağıdır: məsələn, 2019-cu ildə 4 milyondan çox viza verilib.

Hazırda Macarıstan, Fransa, İspaniya və İtaliya rusiyalılara turist vizalarının verilməsini daha yumşaq şəkildə davam etdirən ölkələr arasında qalır.

Yeni qaydalar Avropa İttifaqına daxil olan ölkələrə Rusiyadan gələn ziyarətçilərin sayını azaltmaq məqsədilə nəzərdə tutulub və bu həftə rəsmi şəkildə qəbul edilərək qüvvəyə minəcək.

Bundan əlavə, Aİ-nin 19-cu sanksiyalar paketi çərçivəsində rusiyalı diplomatların hərəkətləri də məhdudlaşdırılacaq. Diplomatik nümayəndələrdən Şengen zonasında səyahət edərkən öncədən məlumat vermələri tələb olunacaq. Bu addım Brüsselin fikrincə, “Kremlin artan casusluq fəaliyyətinə qarşı” tədbir olacaq.

Avropa Komissiyası gələn ay ümum-Aİ səviyyəsində yeni viza strategiyasını təqdim etməyi planlaşdırır. Bu sənəddə üzv dövlətlərə “düşmən ölkələrə” münasibətdə vizaların verilməsində daha sərt meyarların tətbiqi və viza siyasətinin vahid şəkildə koordinasiyası tövsiyə ediləcək.

Poliqon.info

Seçilən
32
poliqon.info

1Mənbələr