AZ

Gürcüstan hökuməti ABŞ-a işləyən yerli gürcüləri hədəfə alıb - Konqresdən sərt xəbərdarlıq gəldi

ABŞ Senatı və Nümayəndələr Palatasının bir qrup üzvü Gürcüstan hökumətinin ABŞ-la əməkdaşlıq etmiş yerli şəxsləri siyasi təzyiq və təqiblərə məruz qoyması ilə bağlı Dövlət Departamentinə rəsmi müraciət edib.

Musavat.com xəbər verir ki, müraciət Senat Xarici Əlaqələr Komitəsinin üzvləri Can Şahin (Demokrat, Nyu-Hempshir), Rocer Uikker (Respublikaçı, Missisipi), Con Körtis (Uta) və Şeldon Vaythaus (Roud-Aylend), həmçinin Konqres üzvləri Co Uilson (Cənubi Karolina) və Stiv Kohen (Tennessi) tərəfindən imzalanıb və ABŞ Dövlət katibi Marko Rubioya ünvanlanıb.

Məktubda nə deyilirdi?

Konqres üzvləri ABŞ-ın Gürcüstandakı inkişaf proqramları çərçivəsində çalışan keçmiş USAID əməkdaşlarının (FSN – yerli kadrlar) Gürcüstan hakimiyyəti tərəfindən haqsız şəkildə çevriliş cəhdində ittiham edilməsini qəti şəkildə rədd ediblər.

Sözügedən ittihamları Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mamuka Mdinaradze səsləndirmişdi. O, USAID-in yerli əməkdaşlarına verilmiş qanuni pensiya ödənişlərini “ABŞ-ın Gürcüstanda çevriliş planları üçün maliyyə dəstəyi” kimi təqdim etmişdi.

Konqres üzvləri bu iddiaları qəsdən təhrif və təxribat kimi qiymətləndiriblər:

“Bu cür bəyanatlar həmin şəxsləri fiziki və siyasi təhlükəyə məruz qoyur. Bu, həm də Gürcüstan hökumətinin ABŞ-la ikitərəfli münasibətlərin yaxşılaşdırılması barədə bəyanatlarının səmimiyyətsiz olduğunu göstərir.”

Məktubda ABŞ Dövlət Departamentindən tələb olunur:
• Gürcüstan hökumətindən *rəsmi təminat* alınsın ki, keçmiş USAID əməkdaşları hədəf alınmayacaq;
• Gürcü Arzusu partiyasının təmsilçiləri ittihamları geri götürsün və bunu ictimai şəkildə bəyan etsin;
• Anti-amerikan ritorikaya qarşı diplomatik səviyyədə sərt mövqe nümayiş etdirilsin.

Konqresmenlər qeyd ediblər ki, ABŞ-ın xarici siyasətində yerli personal böyük rol oynayır və onların təhlükədə qalması Amerikanın dünya üzrə fəaliyyət imkanlarını zəiflədir:

“Əgər ABŞ başqa ölkələrdə yerli əməkdaşlarını qoruya bilməzsə, gələcəkdə nə onları işə cəlb edə biləcək, nə də qlobal siyasətini həyata keçirə biləcək.”

Vaşinqton – Tiflis xəttində gərginlik artır

ABŞ-ın Gürcüstanla münasibətləri son aylarda Gürcü Arzusu partiyasının anti-Qərb mesajları, Moskva yönümlü bəyanatları və daxili repressiyalar barədə qərblilərin tənqidləri fonunda kəskinləşib.

ABŞ-ın Gürcüstan səfiri Tamar Taliaşvili ilə Dövlət Departamentinin nümayəndələri arasında görüşün keçirildiyi təsdiqlənib.

Bu olay Vaşinqtonun Tiflisə açıq xəbərdarlığı kimi qiymətləndirilir:
ya Gürcüstan Qərb tərəfdaşlığına sadiqliyini sübut etməlidir,
ya da geopolitik xəritədə kurs dəyişməsi rəsmiləşəcək.

Musavat.com

Seçilən
18
1
musavat.com

2Mənbələr