Hazırda Bakı, Sumqayıt, Gəncə və ölkənin digər şəhərlərinin bazarlarında istənilən qədər balıq və balıq məhsulları var. Çəki və belamor balıqlarının bir kiloqramı 6-7, tolstolobunku 4-5 manatadır. Bu qiymət isə ürəyi balıq istəyən hər kəsə imkan verir ki, ondan ala bilsin. Yəni ətdən təxminən 3-4 dəfə ucuz qiymət alıcının cibinə uyğundur.
Belə bir ucuzluğu yaradanlar əsasən göl balıqçılığı ilə məşğul olanlardır. Balıqçı fermerlər Neftçala, Salyan, Biləsuvar, Sabirabad, Hacıqabul, İmişlidə daha çoxdur. Onlar əkinə yaramayan şoran torpaqlardan icarəyə sahə götürərək dambalar, süni göllər yaradıblar. Bu, onlara heç də ucuz başa gəlməyib. Həmin şoran torpaqlarda ekskavatorlar, buldozerlər işlədiblər. Amma bu, işin yalnız başlanğıcıdır. İndiki şəraitdə həmin göllərin su təminatı da bəzən problemə çevrilir. Lakin dənizə axıdılan şor sulardan istifadə edənlərin işi əkin suyundan istifadə edənlərə nisbətən yüngül olur.
Əsas məsələlərdən biri də balığın yemidir. Xüsusi yem olmadığından balıqlara əsasən arpa yarması, buğda və yaşıl yem kimi yonca, habelə qamış bitkisinin yarpaqları verilir.
Fermerlərin dediyinə əsalanaraq göl balığının yetişdirilməsi texnologiyasını belə səciyyələndirmək olar. Aprel ayının birinci ongülüyündə balıq sürfələri bu işlə məşğul olan xüsusi adamlardan paket şəklində alınaraq göllərə vurulur. Həmin sürfələr xüsusi sexlərdə ana balıqların kürüsündən alınır. Bu işlə məşğul olan sahibkarların sayı o qədər də çox deyil. Bəzən də elə olur ki, fermerlər balıq sürfəsini Bərdədən və digər yerlərdən alırlar. Kürüdən mayalanma yolu ilə alınan tozşəkilli həmin canlılar xüsusi göllərə vurularaq qara un və yumurta sarısı ilə mayalandırılır. Bir ay keçəndən sonra, yəni sürfələr balıq şəklinə düşən zaman daha böyük göllərə köçürülür. Bu da təxminən may ayının əvvəllərinə təsadüf edir. Sürfələr gələn il üçün nəzərdə tutulur. Onlar oktyabr-noyabr aylarında göllərdən alınaraq qışlama üçün hazırlanan nisbətən kiçikhəcmli göllərə köçürülür və müəyyən həcmdə yemlənir. Qış aylarında onların qənimi qarabataq quşlarıdır. Xəstəliklər də yayıla bilər. Bütün bunlar - xırda balıqların bəslənməsi böyük diqqət və zəhmət tələb edir.
Mart ayının gəlişi ilə havalar isinəndə 5-7 balaca balığın 1 kiloqrama çatan vaxtında onlar qışlama gölündən tutulub daşınaraq böyük göllərə - bəsləmə yerinə köçürülür. Burada suyun, yemin dərəcəsindən, keyfiyyətindən asılı olaraq xırda balıqlar inkişaf etməyə başlayır. Balıqyetişdirənlər bu balıqları xüsusi torla ən azı ayda bir dəfə seçmə üsulla tutaraq inkişaf səviyyəsini, xəstəliyə tutulub-tutulmadığını təyin edir, lazımi tədbirlər həyata keçirir, müvafiq bəsləmə işlərini davam etdirirlər.
Balıqçı fermer, Salyanın Baranıkənd sakini Samit Əhədov deyir ki, balıq yetişdirmək maraqlı olduğu qədər də çətindir: "İlk növbədə gərək kifayət qədər su olsun. Yem rasionuna ciddi əməl olunması da vacibdir. Bu işləri həyata keçirmək üçün vəsait tələb olunur. Onu da deməliyəm ki, bir neçə il əvvəl balıq yetişdirmək sərfəli idi. Qoyduğun xərcin, çəkdiyin zəhmətin əvəzində sənə qazanc qalırdı. Bunu görüb çox adam balıq yetişdirməklə məşğul olmağa başladı. Göllərin sayı çoxaldıqca balıq istehsalı da artdı. Aydın məsələdir ki, məhsul çox olanda bazarda qiymətlər aşağı düşür. Qazancımız azalsa da, atalar demişkən, yoxa lənət. Allah bərəkət versin. Bilirik ki, mən də, həmkarlarım Mərdan Feyzullayev, Farid, Nazim, Oqtay Əhədovlar, Alim Eyvazov, Əfsərağa Cavadov da istehsalla, ərzaq bolluğu yaratmaqla xeyirxah bir işin qulpundan yapışmışıq".
.
Seyran CAVADOV,
"Azərbaycan"