AZ

İngilislər bundan sonra Qurban Qurbanova hörmət etsinlər - Tofiq Bəhramovun jesti zaman aşımında

Dünya futbol tarixində ilk və son dəfə yaşanmış bir olay var. Gələn il 60 illiyi tamam olacaq. Söhbət təbii ki, məşhur sovet hakimi azərbaycanlı Tofiq Bəhramovun 1966-da dünya çempionatı finalında ev sahiblərinin xeyrinə verdiyi mübahisəli qol qərarıdır. Bu qərarla əsas hakimin də fikrini dəyişməsinə səbəb olmuş və ingilislərin öz meydanlarında tarixdə ilk və hələ ki son dünya çempionu olmalarını təmin etmişdi. Matçdan sonra kraliça həmyerlimizə əslində yalnız əsas hakimə verilməli olan Qızıl fit də bağışlamışdı.

Həmin il anadan olanlar gələn il 60 illik yubileylərini qeyd edəcəklər. Amma hələ də müasir texnologiyalar vasitəsilə belə bu qolun verilməsi qərarının düz və ya səhv olmasının mübahisəsi gedir. Tofiq Bəhramov bir qərarla tarixə düşüb. Ölkənin əsas stadionu onun adınadır. Önündə heykəli də var. Yadımdadır 2004-cü ildə dünya çempionatının seçmə Azərbaycan - İngiltərə matçından öncə ingilislər hörmət əlaməti olaraq kişinin abidəsi önünə əklil də qoydular. Həmin matç qonaqların 1-0 qələbəsi ilə başa çatdı. Bizimkilər can qoysalar da adımız üstümüzdə idi. Kişinin xətrinə hörmət etdilər. Əslində 2024-ə qədər əsas və gənclər komandaları arasındakı matçlarda, eləcə də klublar qarşılaşmasında bu "hörmət" hiss olunub. Hətta "Çelsi" ilk dəfə qrupa düşdüyümüz 2018-də Bakıda 2, İngiltərədə isə "Qarabağ"ın qapısına 4 cavabsız top vurdu. Ötən ilin oktyabrında isə nəyəsə bərk hirslənib U21 komandamıza Bakıda Bəhramovun şahidliyi ilə 5 (1-5) İngiltərədə 7 isə cavabsız qol vurdular. Yəni olan qalan Bəhramov "hörməti" də getdi tarixə.

Futbolçularım

Azərbaycan futbolunun bugünkü durumunda xariqələr yaradan Sir (Ser) Qurban Qurbanov isə daha bir stereotipi məhv etdi.
Niyə Sir? Çünki Böyük Britaniya krallığında çox hörmətli şəxslərə verilən Sir (Cəngavər) titulu futbol dünyasında "Mançester Yunayted"lə təkcə baş məşqçi kimi deyil, 1986-dan 2013-ə qədər bir ömür yaşamış, bütün karyerasını doğma komandada keçirən şotland Aleks Fergüssona verilib. O Britaniya futbolunun ən titullu məşqçisidir həm də. Dünənki matçdan sonra Türkiyədən olan ünlü futbol şərhçisi Ərtəm Şənər Qurban bəyə belə bir sual verdi. Karyeranızın sonuna qədər "Qarabağ"da qalib Aleks Fergüsson olmaq istərsəniz yoxsa dünyaya çıxıb Mourinyo, Qvardiola olmaq?

Qurban

Bizim Ser Qurban isə belə bir cavab verdi: "Məni anam Qurban Qurbanov kimi doğub belə də qalsam yaxşıdır. Bu o deməkdir ki, bizə artıq başqalarının ünvanı, ismi lazım deyil özüm marka yaradıram, özüm bir brendəm.

Qarabağ cənnətdir. Bu barədə yüzlərlə şer, mahnılar var. İşğaldan azad olunana qədər coxları bu cənnətdən xəbərsiz idi. Yalnız xatirələrdən, köhnə şəkil videolardan görə bilirdi. İndi hamı gedir, görür sevinir. Viran qalan xarabalıqların içindən təbiətin və insan əməyinin vəhdəti ilə yeni Cənnət Qarabağ qurulur. Azərbaycan futbolunun bugünkü durumu və "Qarabağ"ın etdikləri də buna bənzər bir şeydir. Qurban Qurbanov sanki səhranın ortasında bir "Qarabağ" cənnəti qurub yaradır..
Bizim Ser, əfəndi, təvazökar adam, məşqçi.

Qarabağ”

Dünən "Çelsi"nin bizə hörmət qoymaq fikri yox idi. Oyundan qabaq zatən Bakıda məşqə çıxmadılar, mətbuat konfransı olmadı.
Dünya Azərbaycan dövlətinin, xalqının, ordusunun əzmini 5 il öncə Qarabağda gördü.

Bu gün isə yaşıl meydanlarda görməyə davam edir. Dünən "Benfika" "Kopenhagen"dən dərs almayan Avropa komandaları "Çelsi'nin timsalında daha bir reallıqla qarşılaşdılar. Məğlub olsa da bu komanda sonuna qədər döyüşəcək. Eynən 1990-larda ilk döyüşü uduzsa da bu xəyanəti, bu işğalı qəbul etməyib illərlə qisas hissi ilə yaşayan xalqımız kimi..

Qarabağ

Ukraynanın football.ua saytı dünənki matçdan sonra bele bir başlıq atıb: " "Çelsi" "Qarabağ"önündə məğlubiyyətdən qurtardı". Qürurvericidir.

Daha bizə Tofiq kişiyə görə hörmət qoymurlar. Əksinə bu dəfə Bəhramov da ingilislərə "kömək" edə bilmədi..Artıq Qurban və "Qarabağ"ın Köhlən Atları sayəsində böyük futbol dünyasında kimsədən çəkinmirik, kompleks yaşamırıq tituluna, tarixinə rəğmən. Dünən "Qarabağ"lılar bir daha bəstə boylarından daha hündürə tullandılar. Bəlkə biz illərlə vacib bir kubok əldə edə bilməyəcəyik. Amma təmkin, əzm, məhdud imkanlar çərçivəsində bugunku nəticələrlə Qurban və "Qarabağ" adını dünya futbol tarixinə yazdırır...

Gerçəkləri tarix yazar, tarixi də "Qalatasaray". İllərlə ayrı komandamız olmadığı üçün Avropada digər türk komandasının uğuruna sevindik, mahnısını oxuduq. Bu gün isə "Qarabağ" Azərbaycan futbolunun tarixini yazır. Möhtəşəmdir.

Əsalət də Qurbanda, "Qarabağ"dadır, əzm də, qələbə də. Bizdə analar belə oğullar doğub Ser Qurban kimi!

Anar

Anar Natiqoğlu, "Yeni Müsavat"ın Ukrayna təmsilçisi, Odessa

Seçilən
56
1
musavat.com

2Mənbələr