AZ

Putin narahat oldu, Mişustini dərhal bu ölkəyə göndərdi

ain.az, Axar.az saytına istinadən bildirir.

Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdikcə Çindən asılılığı artır. Rusiya Qərbə sata bilmədiyi yeraltı sərvətlərini Çinə satır, Qərbdən ala bilmədiyi texnologiyaları Çindən alır. Rusiyanın Baş naziri Mixail Mişustin 4 noyabrda Pekində Çin lideri Si Szinpinlə birgə kommünike imzalayıb. Sənədə əsasən, Rusiya və Çin bütün sahələrdə əməkdaşlığı genişləndirməyə və xarici çağırışlara müvafiq şəkildə cavab verməyə davam edəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, sənəddə əməkdaşlığın bütün sahələrini əhatə edən bəndlər var:

“Birincisi, Rusiya və Çin İkinci Dünya müharibəsinin nəticələrinin təftiş olunmasına və tarixinin saxtalaşdırılmasına qarşı mübarizə aparmaq üçün birgə işləyəcəklərini bəyan ediblər.

İkincisi, Rusiya bir daha Tayvanın Çinin ayrılmaz hissəsi olduğu və “Vahid Çin” prinsipinə sadiqliyini təsdiq edib. Bu bəndin sənədə salınması sual doğurur. Çünki Rusiya onsuz da illərdir Tayvan məsələsində Çinin mövqeyini dəstəkləyir. Görünür, Kreml bu bəndin sənəddə yer almasına ona görə ehtiyac duyub ki, Pekin də Rusiyanın maraqlarına cavab verən digər bəndin sənəddə yer almasına razılaşsın. Bəndlərin birində Çinin Rusiyanın təhlükəsizliyin, sabitliyin və suverenliyin təmin edilməsi səylərini dəstəklədiyi bildirilib. Heç bir ölkə Rusiyaya hücum etməyib. Əksinə, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir. Belə çıxır ki, Pekin Rusiyanın “təhlükəsizliyi və suverenliyinin təmin edilməsi” bəndi çərçivəsində bu ölkənin işğalçı müharibəsini dəstəkləyir. Halbuki Pekin Rusiya-Ukrayna müharibəsinin uzanmasından narahat olmağa başlayıb. Çünki bu müharibə Çinin iqtisadi maraqlarına mənfi təsir edir.

Rusiyanın və Çinin fəaliyyətlərinin siyasiləşdirilməsinə qarşı çıxmaq üçün beynəlxalq təşkilatlarda əməkdaşlığı davam etdirmək barədə razılığı bəndində yeni heç nə yoxdur. Rusiya və Çin başda BMT olmaqla müxtəlif beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılam məsələlərdə ortaq mövqedən çıxış edirlər. Rusiya və Çinin BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətində olduğunu göstərən bəndin sənədə salınması da maraq doğurur. Çünki Rusiya və Çin bu iki təşkilat yarandığı gündən bəri vahid mövqedən çıxış edirlər”.

Politoloq vurğulayıb ki, sənəddə diqqət çəkən bəndlərdən biri Rusiya və Çinin Arktikada sülh və sabitliyin təşviqi, kosmik fəaliyyətin bütün sahələrində əlaqələrin dərinləşdirilməsi, Ay stansiyasının tikintisi layihələrini dəstəkləmək və Ayın tədqiqat missiyalarını əlaqələndirmək barədə razılığa gəlməsi barədədir:

“Rusiya və Çinin son illərdə Arktikaya marağı artır. Hər iki ölkə Arktikanın resurslarını əldə etməyə çalışır.

Göründüyü kimi, Rusiya və Çinlə arasında imzalanan sənəddə xüsusi heç nə yoxdur. Mixail Mişustinin Pekinə səfəri Çin lideri Si Szinpinin ABŞ Prezidenti Donald Trampla görüşündən bir neçə gün sonraya təsadüf edib. Kreml Pekinin Vaşinqtonla yaxınlaşa biləcəyindən narahat olduğuna görə Mixail Mişustini Pekinə səfərinə və birgə kommünikeyə ehtiyac duyub. Halbuki rusiyalı iqtisadçılar Çinin başqa ölkələrlə müqayisədə Rusiyada yatırımlarının az olduğunu vurğulayırlar. Çünki Pekin ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından ehtiyat etdiyinə görə qonşu ölkəyə böyük yatırımlar həyata keçirməyi lazım bilmir.

Bu arada, ABŞ-ın Rusiyanın iki böyük neft şirkətinə qarşı sanksiyalar tətbiqindən sonra Çinin neftayrıma zavodlarının Rusiya neftinin alışını azaltmağa başlaması barədə xəbərlər yayılıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
4
axar.az

5Mənbələr