AZ

Bayrağımız necə yaranıb?

Azərbaycanın üçrəngli Bayrağı xalqımızın müstəmləkəçiliyə qarşı apardığı siyasi mübarizənin nəticəsində ucaldılıb

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Qürur mənbəyimiz, dövlət rəmzlərimizdən biri olan Dövlət Bayrağımızın tarixinə qısaca nəzər salaq.

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Tiflisdə elan olunduqdan sonra qısa zamanda dövlətin atributları da təsis edildi. Amma bu gün hamımızın tanıdığı üçrəngli Bayraq Azərbaycan Xalq Cümhuriyyətinin ilk milli bayrağı olmayıb. Cümhuriyyətin ilk bayrağı üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq olub. Belə ki, Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra 21 iyunda hökumət qırmızı parçadan hazırlanmış, qırmızı yerlik üzərində ağ aypara və səkkizguşə ulduz təsvir edilmiş bayrağı dövlət bayrağı kimi qəbul etdi. Əslində bu, Osmanlının əski bayraqlarından biri idi və təbii ki, Qafqaz İslam Ordusunun əhval-ruhiyyəsinə uyğun idi. Azərbaycanın ilk bayraqlarının Osmanlı bayraqları ilə oxşar olması təsadüfi deyildi. Belə ki, AXC Təriq və Məabir Nəzarətinin (Yollar Nazirliyinin) gəmiləri üçün 1 avqust 1918-ci ildə kiçik dəyişikliklərlə Türkiyə ticarət gəmilərinin bayrağı örnək kimi qəbul edilmişdi. Bütün bunlar Azərbaycanda Qafqaz İslam Ordusunun, dolayısı ilə Osmanlının açıq təsiri ilə bağlıdır. Lakin I Dünya müharibəsində Osmanlının məğlubiyyəti onun Azərbaycandakı bayrağının da məğlubiyyəti ilə nəticələndi. İngilislərin nəzarəti altına keçən Azərbaycanda ingilislərin təzyiqi ilə Osmanlı bayrağı yeni bayraqla əvəzləndi.

Üç rəngli Bayraq

1918-ci il 11 təşrini-sanidə (noyabrda) “Azərbaycan” qəzeti hökumətin 9 noyabr tarixli iclasının yeni Bayrağımız haqqında qərarından söz açaraq yazırdı: “Yenə həman iclasda Azərbaycan Bayrağı layihəsi təsdiq edilmişdir. Bayraq yaşıl, qırmızı və mavi rəng olub, üzərində hilal və 8 guşəli yıldız olacaqdır”. Üstünə türklüyün rəmzi olan mavi rəng və islamın rəmzi olan yaşıl rəng artırılmış yeni bayrağın ortasındakı qırmızı rəngli hissədə Osmanlı bayrağının özəyi saxlanılmışdı. Ancaq az sonra ingilislərin rəhbərliyi altında Bakıya girən Müttəfiq qoşunlarının rəhbərliyinə bu, çağdaş Avropa demokratiyasının rəmzi kimi izah edildi və həmin aydınlatma bugünədək öz qüvvəsindədir.

Noyabrın 17-də Bakı limanına yaxınlaşan 3 paroxoddan 1000 ingilis və 800 hind əsgər və polisindən ibarət ingilis-fransız-amerikan hərbi, eləcə də İngiltərə, ABŞ, Fransa və İtaliya ittifaq dövlətlərinin nümayəndələri enərək Mudros razılaşmasına əsasən, Bakıya girdi. Limanda onları daxiliyyə naziri Behbud xan Cavanşir qarşıladı. General Tomson Müttəfiqlərin bayraqları ilə yanaşı asılmış Azərbaycan Bayrağını görərək qəzəbləndi və onun dərhal götürülməsini əmr etdi. Amma qısa zamanda Tomson mövcud Azərbaycan hökumətini tanıdı, dekabrın 7-də Azərbaycan Parlamenti açılarkən parlament binasının içində və üstündə Azərbaycan Bayrağı asıldı.

Təbii ki, bayraq müstəqil dövlətin simvolu olduğuna görə onun ləğv edilməsini, endirilməsini istəyənlər də vardı. Buna görədir ki, “Azərbaycan” qəzetinin redaktoru Üzeyir bəy Hacıbəyli 1919-cu ilin 8 mayında “Bayrağımız sarsılmaz” adlı məqaləsində yazırdı: “Müzəffər Bayrağımızı möhkəm tutmuş olan müqəddəs əllərin getdikcə artmaqda olan qüdrət və qüvvəti zalım düşmənlərimizin namərd belini sındırmaq və alçaq başlarını əydirmək üzrədir. O xain gözlər, qara qəlblər, namərd biləklər və alçaq başların sahibləri əzab çəkirlər; ruhları inciyir, bədənləri ağrıyır. Vicdan əzabı altında haqq qapısında sürünən iblis kimi, müqəddəs bayrağımız qabağında əzilib-büzülür və bu bayrağı qapmaq, ağacını sıxıb-sıxıb və parçasını para-para etmək üçün bayraqdar üzərinə cummaq və soxulmaq istəyirlər...”

Rənglərin mənası

Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayrağın rəngləri həmin dönəmdə Azərbaycanda və Osmanlıda hakim olan türkləşmək, müasirləşmək, islamlaşmaq düsturunun əksi idi. Bu düsturun müəllifi isə Azərbaycanın tanınmış publisisti, fikir adamı Əli bəy Hüseynzadə olub. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng çağdaşlığı, modernləşməni, yaşıl rəng isə İslam dininə mənsubluğu ifadə edir. Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Aypara və ulduzun Bizansdan Osmanlıya, Osmanlıdan bizə keçdiyi barədə də iddialar var.

Bayrağımızın mühacirət həyatı

Çox təəssüf ki, 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli Milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi... Elə həmin il Azərbaycan Sovet Sosialist Respublikası bayrağı qəbul edildi. Sovet Azərbaycanının bayrağı əvvəlcə bütövlüklə al-qırmızı rəngdə idi. Bayrağın sol yuxarı küncündə sarı aypara və ulduz vardı. 1937-ci ildə latın hərfləri ilə AzSSR qızıl oraq və çəkicin alt hissəsinə əlavə edildi, amma 1940-cı ildə latın əlifbası ilə yazılan hərflər Kiril əlifbası ilə əvəzləndi. Azərbaycan SSR-in bayrağının axırıncı versiyası 7 oktyabr 1952-ci ildə qəbul edildi. Bu, aşağı hissəsində horizontal göy zolaq olan SSRİ bayrağı idi. Amma 1956-ci ilin mayın 28-də - SSRİ-nin ən güclü vaxtında Cahid Hilaloğlu və Çingiz Abdullayev adlı iki soydaşımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə Cümhuriyyətin üçrəngli Bayrağını Qız qalasının üzərinə sancırlar. Onlar Qız qalasında üç rəngli Bayrağı bir saata yaxın dalğalandırdılar, buna görə də həbs edildilər. İşğaldan sonra mühacirətdə keçirilən 28 may tədbirlərində, eləcə də Türkiyədə, Fransada, Almaniyada, Amerikada evlərdə milli bayraqlar asılırdı. O zamanlar Türkiyədə çap edilən “Azərbaycan Cümhuriyyəti” kitabının üz qabığı da bayraq təsvirləri ilə süslənmişdi.

Üçrəngli Bayraq 70 il sonra əbədi olaraq yüksəklərə qaldırıldı

1988-ci il Meydan hərəkatı dönəmində Azərbaycan bayrağı yenidən dalğalanmağa başladı. Daha sonra üçrəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edildi. Beləliklə, 70 ildən sonra Azərbaycanın üçrəngli Bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsinə çevrildi. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti “Dövlət Bayrağı haqqında” Qanun qəbul edərkən, üçrəngli bayrağa da Azərbaycan Respublikasının Dövlət Bayrağı status verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək, onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını da qəbul etdi.

Ulu Öndərin ölkəmizin müasir inkişafı ilə bağlı irəli sürdüyü prinsiplər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun şəkildə yüksək dinamizmlə yerinə yetirilir. Azərbaycançılıq məfkurəsinin ardıcıl siyasi xətt kimi qorunmasına da xüsusi həssaslıqla yanaşır. Bu məfkurəni müasir şəraitdə daha da  inkişaf etdirir. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında tarixi sərəncamlar imzaladı. Xalqımız hər il noyabrın 9-da Dövlət Bayrağı Gününü təntənəli qeyd edir. Vaxtilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılışında söylədiyi nitq ölkəmizin uğurlu inkişafını özündə əks etdirirdi. Belə bir nadir bayraq meydanının yaradılmasını sözün tam mənasında, bizim milli qürurumuz, Azərbaycanın hərtərəfli tərəqqisinin sübutu, təsdiqi kimi dəyərləndirən dövlət başçısı vurğulayırdı: "Dövlət Bayrağı Meydanı ölkəmizin mədəniyyət və siyasi mərkəzinə çevriləcək, bura baş çəkən hər kəs Azərbaycanın nəyə qadir olduğunun dərk edəcəkdir".

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun düşmən üzərində parlaq qələbəsi ilə başa çatdı. 30 ilə yaxın müddətdə Ermənistan silahlı qüvvələrinin işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Müzəffər Ali Baş Komandan Azərbaycanın Dövlət Bayrağını düşmən işğalından azad edilmiş şəhər və rayonlarında ucaltdı. Bu gün Dövlət Bayrağımız işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla, əzəmətlə dalğalanır.

Sevinc Azadi, “İki sahil”

Seçilən
52
ikisahil.az

1Mənbələr