AZ

ÜST Sudanda aclıq təhlükəsi barədə xəbərdarlıq etdi

BAKI, 6 noyabr. TELEQRAF

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusu Sudanda artan aclıq təhlükəsi barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, ölkədə və regionda aclıq artıq təsdiqlənib və yaxın zamanda daha geniş ərazilərə yayıla bilər.

Qebreyesusun sözlərinə görə, BMT-nin Qida Təhlükəsizliyinin İnkişaf Faza Təsnifatı (IPC) sisteminə əsasən, Sudan, Cənubi Sudan və Konqo Demokratik Respublikasında ümumilikdə 50 milyon nəfər kəskin qida çatışmazlığı ilə üzləşib və ailələrini necə doyuracaqlarını bilmirlər.

“Sudanın bəzi bölgələrində, Əl-Faşir və Kaduglidə aclıq artıq təsdiqlənib. Risk ondadır ki, aclıq ölkənin digər hissələrinə və Cənubi Sudana da yayıla bilər. Aclıq o deməkdir ki, biz artıq gecikmişik, insanlar qidalanma çatışmazlığından ölməyə başlayıb”, - deyə ÜST rəhbəri vurğulayıb.

O, Sudana qida yardımlarının xeyli artırılmasının vacibliyini qeyd edib və ÜST-ün beynəlxalq tərəfdaşlarla birgə tibb yardımı göstərməyə çalışdığını bildirib.

“Vaxt itirmək olmaz, lakin humanitar yardıma giriş imkanları məhdud olduğu üçün fəaliyyətimiz çətinləşir”, — deyə Qebreyesus əlavə edib.

Seçilən
37
teleqraf.com

1Mənbələr