AZ

Paşinyan “Qarabağda ermənilər” mövzusuna son nöqtəni qoydu...


TASS-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, əgər ermənilər Qarabağa qayıtsa, bu, Bakı ilə İrəvan arasında əldə edilən sülhü təhlükə altına ata bilər. Ermənistanın baş naziri bunu mürəkkəb məsələ hesab edir.

Paşinyan qeyd edib ki, Qarabağda “qaçqınların” olması münaqişənin əsas səbəbinə qayıdış deməkdir.

Paşinyan Qarabağdan getmiş ermənilərin geri qayıtmasını sülh gündəliyi üçün risq hesab edib. Ermənistanın Baş naziri hesab edir ki, bu məsələ, ermənilərin Qarabağa qayıtması ümumiyyətlə təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir.

Qeyd edək ki, TASS Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə “azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır” bəyanatından sitat da gətirib.

Paşinyan bu siyasəti sona qədər uğurlu apara biləcəkmi ki, ermənilərin Qarabağa qaytarılmasının qarşısını alsın?

İlyas Hüseynov: “Ermənistanın baş naziri bu siyasəti həm də öz siyasi karyerası, siyasi fəaliyyəti dövründə nəzərə almalıdır”

Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, Qarabağdan könüllü gedən ermənilərin qayıdışı sülh prosesinə mənfi təsir göstərə bilər: “Ermənistanın baş naziri Nikol Paşinyan artıq bunu dilə gətirir və bildirir ki, bu cür addımlar sülh prosesinə əngəl yarada bilər. Şübhəsiz ki, hazırkı reallıqlar da, təhlükəsizliyin qurulması əleyhinə hər bir addım çox böyük ağır nəticələrə, mənfi sonluğa gətirib çıxara bilər”.

İ.Hüseynov hesab edir ki, bu səbəbdən də bu həssas məqamda sülh və təhlükəsizlik əleyhinə bütün yanaşmalardan çəkinmək önəmlidir. “Digər tərəfdən, Qarabağdan könüllü köçüb getmiş ermənilərin qayıtması barədə fikirlərin ortaya atılması həm də revanşizmi gücləndirir, revanşist fikirlərin daha da güclənməsinə xidmət edir. Nikol Paşinyan anlayır ki, bu cür fikirlər Azərbaycanla sülh prosesinə mənfi təsir göstərə, təhlükəsizlik sisteminin qurulması ilə bağlı mühüm elementlərin üstündən xətt çəkə bilər. Çünki biz artıq kommunikasiya xətlərinin açılmasını, Ermənistana gedən yüklərin Azərbaycan üzərindən çatdırılmasını görürük. Bu da çox mühüm məsələdir, çox önəmli geosiyasi nəticələri özündə əks etdirir. Hesab edirəm ki, Qarabağdan köçüb getmiş ermənilərlə bağlı istənilən fikrin siyasi dövriyyəyə buraxılması toksikdir və zəhərli xarakter daşıyır, tamamilə sülhə qarşı yönələn fikirlər kimi qiymətləndirilməlidir.

Fikrimcə, Paşinyan bu siyasəti sona qədər aparmağa borcludur. Çünki Qarabağdan köçüb getmiş ermənilərlə bağlı istənilən məsələnin gündəmə gətirilməsi sülh əleyhinə addımlar kimi qiymətləndirilir. Ümumiyyətlə, bu mövzular siyasi dövriyyədə, siyasi leksikonda arzuolunan deyil. Bu baxımdan, Ermənistanın baş naziri bu siyasəti həm də öz siyasi karyerası, siyasi fəaliyyəti dövründə nəzərə almalıdır. Çünki Azərbaycanı qıcıqlandıran, Azərbaycanın milli təhlükəsizliyinə, ərazi bütövlüyünə, suverenliyinə qarşı istənilən fikrin səslənməsi sülh prosesini geriyə ata bilər. Əgər Paşinyan bölgədə sülhə, təhlükəsizliyə və sabitliyə töhfə vermək istəyirsə Qarabağ erməniləri ilə bağlı istənilən mövzunu dilə gətirməməlidir. Ermənistan daxilində istər media, istər vətəndaş cəmiyyəti, istər siyasi partiyalar tərəfindən də bu mövzunun aktuallaşdırılmasının qarşısı Nikol Paşinyan tərəfindən alınmalıdır”-deyə İ.Hüseynov qeyd etdi.

Şakir Ağayev: “Seçkilərdə qalib gələrsə, bu siyasəti davam etdirə biləcək”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev bizimlə söhbətində “Sözsüz ki, Nikol Paşinyan sona qədər bu siyasəti davam etdirərsə bu çox müsbət hal olar. Paşinyan çox yaxşı bilir və özü də qeyd edib ki, ermənilərin Qarabağa qayıtması Ermənistanla Azərbaycan arasında konfliktin qızışmasına səbəb ola bilər. Cənubi Qafqazda marağı olan qüvvələr ermənilərin Azərbaycana qayıtmasından istifadə edə və separatizmi qızışdıra, regionda yenidən münaqişə ocağını alovlandıra bilərlər. Bununla da Azərbaycanla Ermənistan arasında başlanan sülh proseslərinə mane olarlar. Ona görə də Paşinyan bunu anlayır. Ermənilərin Qarabağa qayıtması Paşinyana qarşıdakı seçkilərdə maneçilik törədə, bundan ona qarşı istifadə edə bilərlər. Bu səbəbdən, hesab edirəm ki, Paşinyan seçkilərə kimi bu mövqedə qalacaq və seçkilərdə qalib gələrsə bu siyasəti davam etdirə biləcək”-deyə bildirdi.

Ş.Ağayev hesab edir ki, hətta başqa qüvvələr də olsa ermənilərin Qarabağa qayıtması və yenidən separatizm yayması mümkün deyil. Ş.Ağayev qeyd etdi ki, Ermənistanda hakimiyyətdə Paşinyanın qalmasından, yaxud hansısa qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq ermənilərin qayıtması mümkün deyil. O bildirdi ki, Azərbaycan regionun ən güclü dövlətidir, ən güclü ordulardan birinə sahibdir, ona görə də onlar heç nə edə bilməzlər. Ş.Ağayevin fikrincə, ola bilsin, Paşinyana əks qüvvələr bundan bir şüar kimi istifadə etsin, amma onlar da hakimiyyətə gəlsələr belə, bu, geri dönüşü olmayan məsələdir, istənilən cəhd Ermənistanı təhlükə altında qoya bilər.

İradə SARIYEVA

Seçilən
42
baki-xeber.com

1Mənbələr