AZ

35 milyardlıq büdcəmizin 5 milyardı təhsilə ayrıldı, ancaq məktəblər hələ də valideyn çiyinlərindədir...


Elçin Əfəndi: “Biz təhsil müəssisələrində yüksək keyfiyyət istəyiriksə, bunun üçün müəyyən işlər görülməlidir”

2026-cı ildə Dövlət büdcəsində təhsil xərclərinə ayrılan maliyyə açıqlanıb. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyilib.

Gələn il təhsil xərclərinə 5015,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

Məlumat üçün bildirək ki, təhsilə ayrılan vəsaitin həcmi ildən-ilə artır. Ancaq buna baxmayaraq, məktəblər hələ də valideynlərin çiyinlərindədir. Məktəblərdə hər ay fond pulu yığılır, hər hansı bir məsələnin həll olunması üçün müəyyən məbləğdə vəsait toplanılır.

Maraqlıdır, təhsilə ayrılan vəsait ildən-ilə artdığı halda, məktəb niyə geri gedir?

“Bəzi ərazilərdə olan məktəblərdə şagird sıxlığı, müəllim çatışmazlığı, direktor olmaması kimi hallar müşahidə olunur”

Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ümumilikdə, məktəblərlə bağlı vəziyyət elə də xoş deyil: “Belə ki, bəzi ərazilərdə olan məktəblərdə şagird sıxlığı, müəllim çatışmazlığı, direktor olmaması kimi hallar müşahidə olunur. Ayrılan vəsait o demək deyil ki, təhsil müəssisələrində hər şey əla, yüksək səviyyədə, istədiyimiz kimi olacaq. Onu da nəzərə almaq lazımdır ki, təhsil deyəndə orta, peşə, məktəbədər, inklüziv, evdə, ali təhsil, magistr, doktorantura və digərləri nəzərdə tutulur. Təhsilə ayrılan xərclər müxtəlif sahələr üzrə xərclənir. Biz təhsil müəssisələrində yüksək keyfiyyət istəyiriksə, bunun üçün müəyyən işlər görülməlidir. Peşəkar müəllim kollektivi formalaşdırılmalıdır, idarəetmə bacarığı olan şəxslər bu sahəyə gətirilməlidir. Bununla yanaşı, şagirdlərin dərs yükü də azalmalıdır. Bu kimi işlər tək dövlət büdcəsi hesabına həll olunan deyil. Müəyyən addımlar atılmalıdır ki, valideynlərin xərcləri azalsın. Danılmaz faktdır ki, valideynlərin övladını savadlı olması üçün onlara repetitor tutur. Bu hal ibtidai sinifdən son sinfə qədər davam edir. Məlum vəziyyət isə göstərir ki, hələ də məktəblərdə verilən təhsil ürəkaçan səviyyədə deyil. Bu istiqamətdə işlərin görülməsinə ehtiyac var”.

Günel CƏLİLOVA

Seçilən
40
baki-xeber.com

1Mənbələr