AZ

Allergiya riskini azaldan məhsul 

Pomidorun müntəzəm istehlakı orqanizmdə xroniki iltihabla mübarizəyə kömək edir və allergiya riskini azalda bilər. Bu nəticəyə Yaponiyanın Kanazava Universitetinin alimləri gəliblər.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri Nutrients jurnalında dərc olunub.

Tədqiqatda 40 yaşdan yuxarı 1000-dən çox insan iştirak edib. Alimlər iştirakçıların qidalanma vərdişlərini onların qan göstəriciləri ilə müqayisə ediblər. Nəticədə, pəhrizində pomidora daha çox yer verən şəxslərdə allergik və iltihabi reaksiyalarda rol oynayan eozinofil hüceyrələrinin səviyyəsinin daha aşağı olduğu müəyyən edilib.

Bu əlaqə yaş, cins, bədən çəkisi, zərərli vərdişlər və xroniki xəstəliklərin mövcudluğu kimi amillər nəzərə alındıqdan sonra da sabit qalıb. Alimlərin hesablamalarına görə, gündə cəmi 10 qram pomidorun qəbulu eozinofil səviyyəsinin yüksəlməsi riskini təxminən 10 faiz azalda bilər.

Tədqiqatçılar bu təsiri pomidorun tərkibindəki bioloji aktiv maddələrin – likopen, polifenollar və flavonoidlərin – kompleksi ilə izah edirlər. Bu birləşmələr güclü antiinflamatuar xüsusiyyətlərə malikdir, antioksidant müdafiəni gücləndirir və immun sisteminin fəaliyyətini tənzimləyir. Maraqlıdır ki, C vitamini və fol turşusu kimi digər qida maddələri bu cür təsir göstərməyib.

Mütəxəssislər hesab edirlər ki, pomidorun gündəlik rasiona daxil edilməsi astma, allergik rinit və immun disfunksiya ilə əlaqəli digər iltihabi xəstəliklərin qarşısının alınmasında faydalı ola bilər. Tədqiqat qrupu yaxın gələcəkdə pomidor istehlakının uzunmüddətli perspektivdə bədəndəki iltihab səviyyəsinə təsirini qiymətləndirmək üçün əlavə müşahidələr aparmağı planlaşdırır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
32
editor.az

1Mənbələr