AZ

Bir qadın, bir bayraq, bir millət: Vətən sevgisinin ən saf ifadəsi

Bəzən millətin kimliyini, onun mənəvi dəyərlərini, tarixə və dövlətə olan sevgisini göstərmək üçün nəhəng tribunalar, pafoslu çıxışlar, uzun bəyannamələr lazım olmur. Bəzən bir bayrağın yerə düşməsinə imkan verməyən bir qadının hərəkəti bütün bir millətin mənəviyyatını ifadə edir. Türkiyədə baş verən bu hadisə, bir süpürgəçi qadının dövlət bayrağını yerə düşməkdən qoruması əslində təkcə sadə bir jest deyil, millət anlayışının, vətən sevgisinin, şəxsiyyətin dərinliyindəki milli ruhun göstəricisidir.
Hadisə sadədir: Türkiyənin Düzcə şəhərində çalışan bir süpürgəçi qadın küçədə təmizlik apararkən dövlət bayrağının yerə düşəcəyini görür və tezliklə irəli atılıb onu tutur. Bəlkə kiminsə gözündə bu, kiçik bir addım idi. Amma həmin qadın üçün, onun tərbiyəsində, vicdanında, millət anlayışında bu, adi bir refleks idi, çünki bayraq onun üçün "bir parça parça" deyil, bir xalqın şərəfidir.
Hadisə Türkiyə mediasında geniş rezonans doğurdu. Düzcə bələdiyyə başçısı Faruk Özlü həyat yoldaşı ilə birgə qadını ziyarət etdi və ona bayrağa göstərdiyi həssaslığa görə həmin bayrağı və bir aylıq əməkhaqqısı məbləğində pul mükafatı təqdim etdi.
Amma qadının cavabı hamını heyran qoydu: "Mənə bayraq bəsdir. Bunu nəvəm üçün cehizinə qoyacağam. Allah sizdən razı olsun." 
Bu cümlədə nə qədər dərin məna var! Çünki burada qadın təkcə bir təşəkkürü qəbul etmir, həm də gələcək nəsillərə dəyərlərin ötürülməsi missiyasını öz üzərinə götürür. "Bayrağı nəvəsinin cehizinə qoymaq" - bu, milli tərbiyənin, ailə ənənəsinin, vətən sevgisinin ən saf ifadəsidir.
Bu qadın, kim bilir, bəlkə hər gün onlarla insanın yanından diqqətsiz ötüb keçdiyi bir yerdə işləyirdi. Amma onun iç dünyası, sadəliyinin arxasında gizlənən milli dəyərlər onu cəmiyyətin əxlaqi zirvəsinə qaldırdı.
Belə anlarda insan düşünür: millətin böyüklüyü onun texnologiyasında, hərbi gücündə, sərvətində deyil. Millətin böyüklüyü onun bayrağa münasibətində, dəyərlərə sədaqətində, əxlaqın sadə insanlarda yaşamasındadır.
Bayraq sadəcə parça deyil. O, tarixin qanı ilə boyanmış kimlikdir. Onun rəngləri bir xalqın yaşadıqlarını, ağrılarını, qürurunu daşıyır. Bu qadın, bəlkə də, bu dərin fəlsəfəni sözlərlə izah edə bilməzdi. Amma bir hərəkəti ilə onu yaşatdı. Əgər bu hadisəni simvol kimi qəbul etsək, o zaman görərik ki, bayrağı yerə düşməyə qoymamaq təkcə fiziki hərəkət deyil, mənəvi məsuliyyətdir. O qadın təkcə parça qaldırmadı, həm də millətin heysiyyətini qorudu.
Jurnalist kimi düşünəndə, bu hadisənin mediada yaratdığı rezonansın səbəbi də budur. Cəmiyyət uzun müddətdir ki, saxta qəhrəmanlara, formal dəyərlərə öyrəşib. Amma bu qadın, adı belə açıqlanmayan, sadə süpürgəçi xalqın həqiqi mənəvi qəhrəmanına çevrildi. Çünki o, vəzifə xatirinə deyil, içdən gələn hörmətlə davrandı. Onun davranışı bir insanın öz işinə, öz dövlətinə, öz kimliyinə necə yanaşmalı olduğunu göstərir.
Bu hadisə həm də vətənpərvərliyin yüksəkdən deyil, sadə insanların ürəyindən başladığını xatırladır.
Bu hadisə həm də ailə tərbiyəsinin, milli ruhun evdən başladığının sübutudur. "Bunu nəvəm üçün cehizinə qoyacağam" - bu cümlə bir qadının millətə, bayrağa, nəsilə olan baxışının manifestidir. O bayraq bir gün bir evin divarında asılacaq, bəlkə nəvəsi o bayrağı görəndə nənəsinin kimliyini, davranışını, dəyərlərini xatırlayacaq. Bu, nəsillər arasında milli yaddaşın körpüsüdür.
Bayraq - dövlətin səsi, xalqın vicdanıdır. Onu qorumaq, əslində, öz vicdanını qorumaqdır.
Türkiyədə bir süpürgəçi qadın bunu bizə sözsüz anlatdı. O, sadə bir insan idi, amma bu davranışı ilə milyonlara "bayraq sevgisi"nin nə demək olduğunu göstərdi.
Cəmiyyətlər çox vaxt böyük dəyişiklikləri "sadə insanların" böyük davranışları ilə yaşayır. Bəzən bir alim, bir siyasətçi, bir sənətkar milləti tərbiyə edə bilmir, amma bir qadının sükutla bayrağı yerə düşməyə qoymaması bir millətin mənəviyyatına dərs olur.
Belə insanlar çoxaldıqca, dövlətlər möhkəmlənir, millətlər ucalır.
Çünki bayrağı qorumaq - torpağı, kimliyi, dəyərləri qorumaqdır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
37
olaylar.az

1Mənbələr