AZ

Azərbaycan C5+ ABŞ formatını C6+ABŞ formatına çevirə bilər...


“Noyabrın 6-da Mərkəzi Asiya respublikalarının prezidentləri Vaşinqtonda Amerika Prezidenti Donald Tramp ilə görüşəcəklər. C5+1 formatında keçiriləcək sammitdə əhatəli məsələlər müzakirə olacaq. Cənubi Qafqaz respublikalarının, xüsusilə də Azərbaycanın bu sammitə qatılması ABŞ-ın Avrasiyaya daha dərin nüfuz etməsinə geniş imkanlar yaradar”.

Bu fikilərr ABŞ-ın “The Diplomat” analitik jurnalında dərc olunan “ABŞ və Mərkəzi Asiya: C5+1 nədir?” sərlövhəli məqalədə yer alıb.

Materialda qeyd olunur ki, bu formatda indiyə kimi belə yüksək səviyyədə görüş keçirilməyib: “Mərkəzi Asiya respublikaları nadir yer metalları, enerji və su resursları ilə olduqca zəngin bir regiondur. ABŞ-ın bu regiona nüfuz etməsi buradakı dövlətlərin Çin, Rusiya və Avropa İttifaqı arasında balanslaşdırılmış siyasət yürütmələrinə böyük imkanlar yaradacaq. Buradakı faydalı qazıntıları həyata keçirmək üçün ABŞ-ın texnologiyasına və sərmayəsinə böyük ehtiyac var. Yataqların işlənilməsi və dünya bazarına çıxarılması tərəflərin iqtisadi maraqları ilə yanaşı siyasi maraqlarını da təmin edər. Mərkəzi Asiya respublikalarının Qərb bazarlarına çıxışı isə yalnız Azərbaycan vasitəsi ilə mümkündür. Xəzər dənizinin Azərbaycan sahilində yerləşən Ələt dəniz limanı Qərb bazarlarına çıxışı təmin edən yeganə vasitədir. Azərbaycan Orta Dəhlizin inkişafı üçün geniş infrastruktur layihələr həyata keçirib və tranzit yükdaşımaları üçün əhatəli dəmir yoluna malikdir”. Materialda nəzərə çatdırılır ki, Azərbaycan prezidenti İlham Əliyev regional zirvə görüşlərində fəal iştirak edir, genişlənən Mərkəzi Asiya məkanının ayrılmaz hissəsi kimi Bakının imicini formalaşdırır: “Azərbaycanın inkişaf etmiş nəqliyyat və enerji kommunikasiyaları sistemi var və bu sistem olmadan Orta Dəhlizin fəaliyyəti mümkün deyil. Məhz buna görə də amerikalı analitiklərin fikrincə, Azərbaycanın C5+1 formatına daxil edilməsi geosiyasi reallığın tanınması olardı: axı, Mərkəzi Asiya ilə Qərb arasında əsas enerji və ticarət yolları Bakıdan keçir. Belə genişlənmə formatın enerji və investisiya potensialını artıracaq və ona real strateji dərinlik verəcək. Buna görə də Vaşinqton üçün Azərbaycanın müşahidəçi statusu və ya genişləndirilmiş “C6+1” konfiqurasiyasında iştiraka cəlb etməsi daha məntiqli addım ola bilər”. Məqalədə deyilir ki, xüsusi əhəmiyyət kəsb edən layihə Ermənistanı Orta Dəhlizə birləşdirəcək və Transxəzər yük daşımalarının həcmini iki dəfədən çox artıracağı proqnozlaşdırılan Zəngəzur dəhlizi layihəsidir. Bu təşəbbüsün həyata keçirilməsi təkcə Azərbaycan və Ermənistan arasında sülhü gücləndirməklə yanaşı, həm də bütün regionun davamlı inkişafı üçün iqtisadi stimul yaradacaq: “Məsələyə daha əhatəli baxılsa, ABŞ C8+1 formatı da təsis edə bilər ki, burada Mərkəzi Asiyanın 5 və Cənubi Qafqazın 3 dövləti daxil olar. Belə format Amerikaya Avrasiya regionunda daha üstün mövqe qazandırar”. Xatırladaq ki, C5+1 formatı Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan (“C5”) ilə ABŞ (“+1”) arasında əməkdaşlıq platforması kimi formalaşıb. Bu formatın əsas məqsədi regionda təhlükəsizlik, iqtisadi inkişaf, enerji, nəqliyyat və ekoloji sahələrdə qarşılıqlı əlaqələri möhkəmləndirməkdir. Son illərdə Azərbaycanın bu platformaya qeyri-rəsmi şəkildə daxil olması və proseslərdə fəal rol alması həm region, həm də ölkə üçün mühüm üstünlüklər yaradır.

Azərbaycanın C5+1 formatında iştirakı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında körpü rolunu daha da gücləndirir. Coğrafi mövqeyinə görə Azərbaycan Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Qərbə birləşdirən əsas tranzit qovşaqdır. Bu baxımdan, C5+1 çərçivəsində aparılan müzakirələrdə Azərbaycanın iştirakı regionun logistika və enerji inteqrasiyasını dərinləşdirir.

Azərbaycan bu platformada iştirak etməklə Xəzər regionu üzrə vahid iqtisadi məkanın formalaşmasına və Avrasiya nəqliyyat dəhlizlərinin koordinasiyasına töhfə verir. C5+1 formatı ABŞ-ın Mərkəzi Asiyadakı əsas diplomatik alətlərindən biridir. Azərbaycanın bu platformaya daxil olması Vaşinqtonla münasibətləri yeni səviyyəyə qaldırmaq imkanı yaradır.

Bu, Azərbaycanın beynəlxalq arenada balanslaşdırılmış xarici siyasət kursuna uyğun gəlir, yəni həm Qərb, həm də Şərq dövlətləri ilə əməkdaşlığı paralel şəkildə inkişaf etdirilir. ABŞ-la bu format çərçivəsində enerji təhlükəsizliyi, nəqliyyat, iqlim dəyişikliyi və kibertəhlükəsizlik kimi sahələrdə birgə layihələr Azərbaycanın qlobal mövqelərini gücləndirir. Azərbaycan artıq regionda mühüm enerji mərkəzinə çevrilib. C5+1 formatında iştirakı isə bu mövqeni daha da möhkəmləndirir. Orta Dəhliz bu platformanın əsas müzakirə mövzularından biridir. Azərbaycan bu dəhlizin mərkəzində dayanaraq Mərkəzi Asiya qazının və neftinin Qərb bazarlarına çıxarılmasında əsas tranzit ölkə funksiyasını yerinə yetirir. Həmçinin, C5+1 çərçivəsində nəqliyyat infrastrukturunun harmonizasiyası və gömrük prosedurlarının sadələşdirilməsi kimi təşəbbüslər Azərbaycanın logistika sektoruna əlavə üstünlüklər gətirir. Azərbaycanın bu formatda iştirakı onun beynəlxalq nüfuzunu artırır və ölkəni Cənubi Qafqazla Mərkəzi Asiya arasında əsas diplomatik vasitəçiyə çevirir. Bakı artıq Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda fəal iştirak edərək çoxşaxəli diplomatiya yürüdür. C5+1 formatında da aktiv iştirak bu siyasətin məntiqi davamıdır. Bu, Azərbaycanın regiondakı liderlik rolunu möhkəmləndirir və onu beynəlxalq dialoq mərkəzinə çevirir. Ümumiyyətlə, Azərbaycanın C5+1 formatında iştirakı həm iqtisadi, həm diplomatik, həm də təhlükəsizlik baxımından çoxsaylı üstünlüklər yaradır.

Nahid SALAYEV

Seçilən
31
baki-xeber.com

1Mənbələr