AZ

Qara sevda... Sürətli həyat və ölümə aparan yol Dünyanı gec dəyişmək üçün Yavaş sür!

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar... Yavaş sür!” Bu sözlər qəzadan cəmi bir neçə saniyə əvvəl deyilmişdi. Amma artıq gec idi. Sürət, həyəcan və “adrenalin” axtarışı bir neçə gəncin həyatına son qoydu. Sosial şəbəkələrdə yayılan kadrlar, sükut içində dayanan dostlar, ağlayan analar… və bir daha açılmayan telefon ekranları. Bu, təkcə bir hadisə deyil. Bu, bir nəsil probleminin acı təzahürüdür — sürət sevdası.

Bugünkü gənclərin çoxu üçün sükan arxasında olmaq sadəcə hərəkət etmək deyil, gücünü göstərmək, “mən də varam” deməkdir. İdman növü kimi qəbul edilən “drift”, “street race” anlayışları sosial mediada “cool” görünür. Amma asfaltın üzərində parlayan təkərlər, bəzən göz yaşı və qanla bitir.

Sürət insanı cəmi bir saniyədə qəhrəmandan faciəyə çevirir. Bir çox gənc düşünür ki, ölüm yalnız filmlərdə olur, “mənə bir şey olmaz.” Amma fizika, bioloji həqiqətlər və dəmir parçası olan maşın bu düşüncəni tanımır. 200 kilometrlik sürətlə gedən avtomobil nəinki sürücünün, həm də yolda təsadüfən qarşısına çıxan insanların həyatını bir an içində məhv edə bilər.

Hər il onlarla ailə “əgər bir az yavaş sürsəydi” cümləsini göz yaşları içində təkrarlayır. Bəzən isə hadisədən sağ çıxan gənclər ömürlərinin qalan hissəsini əlil arabasında, günah hissi ilə yaşamaq məcburiyyətində qalırlar. Amma bu faciələrin qarşısını almaq mümkündür.

Təhlükəsizlik kəməri taxmaq, qaydalara əməl etmək, ən əsası, sürətin qəhrəmanlıq deyil, məsuliyyətsizlik olduğunu dərk etmək gərəkdir. Həyat filmlərdən fərqli olaraq “ikinci kadr” vermir.

Əsl cəsarət qazı sonuna qədər basmaqda deyil. Əsl cəsarət, həyatına, ailənə, səni gözləyən insanlara dəyər verməkdədir. Bəzən bir saniyəlik həvəs, bir ömürlük peşmançılığa çevrilir.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
bizimyol.info

1Mənbələr