AZ

Armen Qriqoryan: Ermənistan TRIPP layihəsi üzrə əməli işə keçəcək

BAKI, 5 noyabr. TELEQRAF

"Cənubi Qafqaz regionu, şübhəsiz ki, həm siyasi, həm infrastruktur, həm də ideoloji müstəvidə mühüm dəyişikliklər dövrünü yaşayır. 2025-ci il avqustun 8-də Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın görüşünün keçirildiyi Ağ Evdə baş vermiş tarixi hadisəni, xüsusilə qeyd etmək istərdim. Vaşinqton sazişi nəticəsində Cənubi Qafqazda sülh bərqərar oldu və indi biz Azərbaycanla sülhün institutsionallaşdırılması üzərində işləyirik. İnstitusionallaşmanın tərkib hissələrindən biri iki ölkə arasında “Sülh Müqaviləsi”nin imzalanması və ratifikasiyasıdır. Digər mühüm komponent kommunikasiyaların blokunun açılmasıdır ki, bu da regionda iqtisadi qarşılıqlı asılılıq yaradacaq və öz növbəsində sülhün möhkəmlənməsinə töhfə verəcək"

Teleqraf xəbər verir ki, bunu noyabrın 5-də Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvada MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 13-cü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla sülhə sadiqliyini təsdiq edən Birgə Bəyannamənin imzalanması mühüm hadisədir: "Biz suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqliyimizi bir daha təsdiqlədik. MDB-nin təsis sənədi olan 1991-ci il Alma-Ata Bəyannaməsi də bugünkü prosesin əsaslarının formalaşmasında əsas rol oynayıb. Onun əsasında biz əməkdaşlığımızı qurmaqda davam edirik. Xüsusi vurğulamaq vacibdir ki, indiki şəraitdə Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünə hörmət edərirlər. Bu gün Cənubi Qafqaz hərbi münaqişələrin ağır irsindən tədricən qurtulduğu və maraqların toqquşması məntiqindən əməkdaşlıq məntiqinə keçdiyi bir vaxtda dinc və davamlı inkişaf üçün yeni üfüqlər açılır. Kommunikasiyaların açılmasına dair Vaşinqton Sazişi, eləcə də TRIPP proqramı - “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” çərçivəsində əldə olunmuş razılaşmanı xüsusilə qeyd etmək istərdim. Hazırda Ermənistan ABŞ-la TRIPP proqramının detallarını fəal şəkildə müzakirə edir və yaxın vaxtlarda praktiki işlərin həyata keçirilməsinə başlamaq mümkün olacaq".

Qriqoryan bildirib ki, bu layihə nəqliyyat və kommunikasiya marşrutlarının rəqabət aləti kimi deyil, əməkdaşlıq və qarşılıqlı rifah mühiti kimi istifadə olunacaq: "Biz təkcə infrastruktur sahəsində deyil, həm də humanitar əlaqələrin və qarşılıqlı etimadın inkişafında müsbət dinamika görürük. Bu prosesin ən mühüm komponentlərindən biri nəqliyyat-kommunikasiya marşrutlarının blokdan çıxarılmasıdır ki, bu da təkcə infrastruktur məsələsi deyil, sabit və uzunmüddətli təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan strateji addımdır. TRIPP proqramı çərçivəsində biz real əməkdaşlıq və qarşılıqlı fayda mühiti yaratmağa çalışırıq. Bu proqram Ermənistanın nəqliyyat marşrutlarının Avrasiya məkanı da daxil olmaqla daha geniş şəbəkələrə inteqrasiyasını təmin etməklə təkcə Ermənistan və Azərbaycan arasında deyil, həm də digər MDB ölkələri ilə əlaqələr yaratmaq məqsədi daşıyır".

Seçilən
36
teleqraf.com

1Mənbələr