AZ

2500 manatadək maaş alanlar cəmi 3 faiz gəlir vergisi ödəyəcək...


Azərbaycanda özəl sektorda 2019-cu ildən tətbiq olunan gəlir vergisi güzəştinin müddəti 2025-ci ildən sonra uzadılmayacaq. Artıq bununla bağlı bir sıra rəsmi açıqlamalar da olub. 2026-cı ildən etibarən aylıq gəliri 2 min 500 manata qədər olanlar üçün 3, 2027-ci ildən 5, 2028-ci ildən isə 7 faiz vergi tətbiq ediləcək.

Ümumiyyətlə, artım aşağıdakı qaydadadır. Aylıq gəliri 2 min 500 – 8 min manat olanlar: 2026-cı ildə – 75 manat + 2 min 500 manatdan artıq hissənin 10 faizi;2027-ci ildə – 125 manat + 2 min 500 manatdan artıq hissənin 10 faizi; 2028-ci ildən – 175 manat + 2 min 500 manatdan artıq hissənin 10 faizi. Aylıq gəliri 8 min manatdan çox olanlar: 2026-cı ildə – 625 manat + 8 min manatdan artıq hissənin 14 faizi; 2027-ci ildə – 675 manat + 8 min manatdan artıq hissənin 14 faizi; 2028-ci ildən – 725 manat + 8 min manatdan artıq hissənin 14 faizi. Rəsmilər gəlir vergisi ilə bağlı güzəştin ləğvini əmək bazarının rəsmiləşdirilməsi sahəsində əldə edilmiş nailiyyətləri qorumaq və daha da artırmaq, eyni zamanda leqallaşma prosesinin davam etməsinə münbit şərait yaratmaq məqsədi ilə əsaslandırırlar. Məsələn, maliyyə naziri Sahil Babayev qeyd edir ki, dünyada çox az ölkədə Azərbaycandakı qədər aşağı gəlir vergisi var. O xatırladıb ki, növbəti ildən 2 500 manata qədər olan gəlirə cəmi 3 faiz gəlir vergisi tətbiq olunacaq: “Eyni zamanda, biz ümumi fiskal yükü tənzimlədik. Azərbaycanda əvvəllər ümumi fiskal yük 52-55 faizə qədər idi, indi isə 37 faizdir. Bütün gəlir növlərində onu keçməmək şərti qoyduq. Paralel olaraq, biz hazırladığımız bu yeni layihə ilə ölkəmizdə güzəşt dövrü ilə bunu tətbiq etmirik, bunu daimi dərəcələr olaraq tətbiq edirik”. İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edir ki, bu ilin sonuna qədər Azərbaycanın özəl qeyri-neft-qaz sektorunda əməkhaqqı fondunun 2019-cu illə müqayisədə üç dəfə artaraq 10,6 milyard manata çatması gözlənilir. Nazirin sözlərinə görə, qeyri-neft-qaz özəl sektorda 8 min manata qədər olan əməkhaqlarının gəlir vergisindən azad olunması nəticəsində 2019-cu il yanvarın 1-dən 2025-ci il oktyabrın 1-dək bu sektorda əmək müqavilələrinin sayı 471 min artaraq 1 milyonu ötüb: “Sektorun cəmi əmək müqavilələrində payı 38,5 faizdən 54,1 faizə yüksəlib. 2025-ci ilin gözlənilən göstəriciləri nəzərə alınmaqla, qeyri-neft-qaz özəl sektorda əməkhaqqı fondunun 2019-2025-ci illərdə 3 dəfə artaraq 10,6 milyard manata, məcburi sosial sığorta yığımlarının isə 3 dəfə artaraq 2,5 milyard manata çatması proqnozlaşdırılır”. Onun sözlərinə görə, bu dövrdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcədən ayırmaların payı da 2018-2024-cü illər ərzində 35 faizdən 16-17 faizə qədər azalıb. M. Cabbarov əlavə edib ki, 1 yanvar 2026-cı ildən etibarən əməkhaqqı güzəştinin müddəti başa çatır. Güzəştin əsas sosial-iqtisadi məqsədlərinə nail olunduğunu, əmək bazarının rəsmiləşməsi sahəsində mühüm nəticələrin əldə edildiyini vurğulayan nazir bildirib: “Bu nailiyyətləri qorumaq və daha da inkişaf etdirmək, həmçinin leqallaşma prosesinin davamı üçün daha aşağı gəlir qruplarına az vergi yükü tətbiq etməklə, qeyri-neft-qaz özəl sektorda əməliyyatların tədricən və mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib”.

Ancaq müstəqil iqtisadçılar məsələni fərqli dəyərləndirirlər. İqtisadçı Natiq Cəfərli vətəndaşın vergi yükünün artdığını vurğulayır. Onun fikrincə, rəsmilər deməlidir ki, vergi yükü artanda vətəndaşın istehlak xərcləri azalır, xərclər azalanda istehlak artmır, bu isə iqtisadi aktivliyə ziyan vuracaq: “İqtisadiyyat naziri vergilərin azalmasına çalışmalıdır ki, iqtisadi aktivliyin artması mümkün olsun. Bundan başqa, vergi artımı əmək bazarının leqallaşmasına necə müsbət təsir edə bilər axı?!”. Əməkhaqqının ilk 200 manatlıq hissəsinə tətbiq olunan vergi güzəşti isə qüvvədə qalır və bu da az gəlirli və orta təbəqənin sosial rifahını qorumağa xidmət edir. Sosial sığorta sistemində dəyişikliklər isə həm işəgötürən, həm də işçi üçün yeni yük bölgüsü yaradır. Aylıq gəliri 8 000 manatdan çox olan şəxslər üçün sosial sığorta dərəcəsinin 25 faizdən 21 faizə endirilməsi əmək motivasiyasını təsir edəcək, yüksək ixtisaslı mütəxəssislərin özəl sektorda fəaliyyətini təşviq edəcək. İcbari tibbi sığorta haqlarının 4 faizdən 1 faizə endirilməsi isə işəgötürənlərin xərclərini azaldacaq, bu isə yeni iş yerlərinin açılmasına və maaş fondlarının genişlənməsinə təkan verəcək. Yeni vergi siyasətində diqqət çəkən məqamlardan biri də elektrik və hibrid avtomobillərlə bağlı qərarlardır. 2026-cı ildən bu avtomobillərin idxalına və satışına tətbiq olunan ƏDV güzəştləri ləğv ediləcək. Bu, ilk baxışda qiymət artımı təsiri yaratsa da, əslində ölkədə yerli istehsalın stimullaşdırılması, ekoloji təmiz texnologiyaların lokallaşdırılması və daxili bazarın qorunması məqsədi daşıyır. Yeni gəlir və sosial sığorta mexanizmi Azərbaycanın iqtisadi idarəetməsində yeni bir mərhələnin başlanğıcını qoyur. İşçi və işəgötürən üçün daha aydın qaydalar, gəlirlərin şəffaf uçotu, sosial fondların dayanıqlılığı və yerli istehsalın təşviqi bu modelin əsas istiqamətləridir.

Ramil QULİYEV

Seçilən
15
baki-xeber.com

1Mənbələr