AZ

İcra başçılarına tətbiq edilən yeni qadağa Naxçıvana göndərilmiş kadrlara da aid ediləcəkmi?..


Naxçıvanda Vasif Talıbov dövründən sonra baş verən dəyişikliklər təkcə siyasi və inzibati yox, həm də mənəvi ölçüləri olan bir prosesə çevrilib. Bu gün muxtar respublikada bir sıra mühüm vəzifələrə Bakıdan gətirilmiş kadrların təyin olunması, onların ailəsiz şəkildə Naxçıvanda yaşaması, həftənin sonunda isə Bakıya qayıtması artıq ictimai narahatlıq mövzusuna çevrilib.

İdarəetmə isə elə bir sistemdir ki, onun nəticəsi təkcə iqtisadi göstəricilərdə deyil, həm də idarəedicinin davranışında, onun həyat tərzində və cəmiyyətlə bağlarında əksini tapmalıdır.

Bir bölgədə məmurun səmərəliliyini təkcə imzaladığı sənədlərlə ölçmək mümkün deyil. Əgər vəzifəli şəxsin övladı həmin bölgədə məktəbə getmirsə, ailəsi orada yaşamırsa, bu şəxs o mühitin problemlərini hiss etmir, o torpağın gündəlik ritmini tanımır. O halda idarəetmə mexanizmi öz ruhunu itirir, yəni qərarların arxasında sosial məsuliyyət deyil, formal vəzifə hissi dayanır. Həqiqi idarəetmə cəmiyyətin içində olmaqla, onun nəfəsini duya-duya həyata keçən prosesdir.

Naxçıvanda bu məsələ sadəcə inzibati deyil, həm də mənəvi məsuliyyət məsələsidir. Məmurun həftənin cümə günü günorta saatlarından sonra muxtar respublikanı tərk etməsi idarəetmədə boşluq yaradır. Amma bundan da vacibi, bu davranış ictimai inamın tükənməsinə səbəb olur. İnsanlar görürlər ki, qərar verənlər onların yaşadığı həyatdan uzaqdadır, onların gündəlik qayğılarını bölüşmür. Belə vəziyyətdə idarəçilik bir “yuxarı sistem” kimi qalır, amma xalqla arasında dərin psixoloji məsafə yaranır.

İdarəetmənin keyfiyyət göstəriciləri çox vaxt sənədlərdə və göstəricilərdə deyil, davranışlarda və münasibətlərdə təzahür edir. Əgər rəhbər şəxs işini təkcə inzibati vəzifə kimi yox, mənəvi missiya kimi dərk edirsə, onun qərarlarında da ədalət, insaf və məsuliyyət olur. Bu mənada, dövlət idarəçiliyi bir növ tərbiyə prosesidir - cəmiyyətin qarşısında durmaq üçün əvvəlcə insanın öz daxilində bir nizam, bir məsuliyyət duyğusu formalaşmalıdır.

Naxçıvanda idarəetmənin keyfiyyətini yüksəltməyin yolu yalnız struktur dəyişikliklərindən keçmir. Burada əsas məsələ məmurun yaşadığı mühitlə, cəmiyyətlə eyni ritmdə nəfəs almasıdır. Ailəsi ilə birgə Naxçıvanda məskunlaşan vəzifəli şəxs artıq sadəcə “idarə edən” deyil, həm də “yaşayan” insana çevrilir. Bu o deməkdir ki, onun verdiyi qərarların nəticəsi birbaşa öz həyatına da təsir edir. Əgər onun övladı yerli məktəbdə oxuyursa, o məktəbin vəziyyəti artıq təkcə statistik göstərici deyil, həm də şəxsi məsələdir. Əgər o ailəsi ilə orada yaşayırsa, şəhərin suyu, qazı, nəqliyyatı, səhiyyəsi onun üçün də həyat reallığına çevrilir.

Məhz bu səbəbdən, Naxçıvanda məmurların ailələri ilə birgə məskunlaşması idarəetmənin etik və sosial keyfiyyətini ölçən ən real göstəricilərdən biridir. İdarəetmə uzaqdan nəzarət deyil, içəridən iştirak deməkdir. Yaxşı idarəetmə o zaman formalaşır ki, idarə edən də, idarə olunan da eyni reallıqda yaşasın. Əks halda, qərarların arxasında ruhsuz mexanizm, amma ruhsuz mexanizmin arxasında məsuliyyətsizlik dayanır.

Əgər ölkənin materik hissəsində icra başçıları və digər vəzifəlilər üçün qeyri-rəsmi olaraq icazəsiz

rayon ərazisini tərk etmə məhdudiyyəti mövcuddursa, bu qaydanın Naxçıvana da şamil olunmaması izaholunmaz bir imtiyaz kimi görünür. Ədalətli idarəetmə prinsipində istisna olmamalıdır. Dövlətin idarəetmə fəlsəfəsi yalnız inzibati nəzarət üzərində deyil, həm də mənəvi bərabərlik üzərində qurulmalıdır. Məmurun məsuliyyəti vətəndaşın inamı ilə ölçülür, bu inamın qorunması isə məmurun xalqın içində yaşamasından, onun gündəlik həyatına toxunmasından keçir.

Yaşı 50-də yuxarı olan vətəndaşlarımız sovetlər dönəmində rayona təyin edilən birinci katibin, milis rəyisinin, prokurorun, hakimin və s. məmurların ailəvi rayona köçüb orada məskunlaşmasını xatırlayarlar. Həmin məmurların uşaqları ünvanına ən yaxın olan məktəbdə oxuyur, həyat yoldaşı isə elə həmin rayonda hər hansı bir işdə işləyirdi.

Naxçıvanın gələcək inkişafı üçün əsas şərt təkcə yeni kadrların gəlməsi deyil, bu kadrların o torpağın bir parçasına çevrilməsidir. İdarəetmə insanla, mühitlə və mənəvi məsuliyyətlə tamamlanmadıqca, hər hansı islahat sadəcə forma xarakter daşıyacaq. Dövlətin dayağı qanunlar qədər, o qanunlara həyat verən insanların mənəviyyatıdır.

Akif NƏSİRLİ

Seçilən
15
baki-xeber.com

1Mənbələr