AZ

Qadın olmaq günah dır? Ana olmaq ömürlük cəza deməkdir? “Uşaqlara bax” dediyi üçün...

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin Bursa vilayətində 27 yaşlı azərbaycanlı gənc Salican Mehmet arvadını, 20 yaşlı Arzu Xəlilovanı bıçaqlayaraq qətlə yetirib. Hadisə zamanı iki azyaşlı qız otaqda olub. Gəncin ifadəsinə görə, arvadı “alış-verişə gedəcəyəm, uşaqlara sən bax” deyəndə o, əsəbiləşib. Sadəcə bu qədər. Bir qadın bir neçə saatlıq dincəlmək, nəfəs almaq istədi və həyatının sonunu gördü. Bəs bütün gününü, ömrünün ən gözəl illərini uşağa baxmaqla keçirən analar nə etsin?

Cəmiyyətin bir hissəsi qadından həm işləməsini, həm ev işlərini görməsini, həm uşaq böyütməsini, həm də daim gülümsəməsini gözləyir. Amma kim onun yorğunluğunu, səssiz ağrısını, qırılmış ruhunu düşünür? Qadın nə zaman dincəlmək istəsə, dərhal “borcundur”, “ana olmaq asan deyil” kimi sözlərlə susdurulur. Halbuki ana da insandır. O da yorulur, o da nəfəs almaq, özünə bir anlıq qayğı göstərmək istəyir. Arzu kimi gənc qadınların günahı sadəcə bir neçə saatlıq istirahət istəməkdirmi?

Salican Mehmet ifadəsində “psixoloji problemlərim var idi” deyib. Bəli, ola bilər. Amma bu, cinayət üçün bəraət deyil. Cəmiyyətin və ailə institutunun ən böyük səhvlərindən biri də budur: psixoloji gərginlik, zorakılığa bəhanə kimi təqdim olunur. Halbuki hər bir insanın psixoloji dəstəyə, anlayışa ehtiyacı ola bilər, amma heç kəsin həyatına son qoymağa haqqı yoxdur. Bu faciə bir ailənin dağılması ilə bitmir. İndi iki körpə qız anasız və atasız böyüyəcək. Bu uşaqların gözlərində anasının son baxışları, atasının dəhşət dolu qəzəbi qalacaq. Onların gələcəkdə həyat və ailə anlayışı necə olacaq?

Əslində bu hadisə təkcə bir ailənin faciəsi deyil, cəmiyyətin səssizliyinin nəticəsidir. Biz illərlə qadın qışqıranda “ailə məsələsidir, qarışmaq olmaz” dedik. Uşaqlar ağlayanda “ata əsəbiləşib, keçər” dedik. Və indi hər dəfə belə bir xəbər oxuyanda “növbəti” deyirik.

İndi soruşmaq lazımdır: Qadın olmaq günahdırmı? Ana olmaq ömürlük cəza deməkdirmi? Niyə qadınların dincəlmək istəyi belə faciə ilə nəticələnir?

Hər bir insan, xüsusilə hər bir kişi anlamalıdır ki, ailə sevgi, anlayış və hörmət üzərində qurulur. Əgər bu üçü yoxdursa, orada ev deyil, sadəcə divarların içində gərginlik var.

Ananın günahı yoxdur. Günah, onun fədakarlığını görməyən, səsini eşitməyən, onu insan kimi deyil, “rol” kimi görənlərdədir. Zorakılıq heç vaxt sevginin dili deyil və bir qadının həyatı, bir insanın əsəblərinə qurban ola bilməz.

Leyla Mirzə, Bizimyolinfo

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
icma.az

1Mənbələr