AZ

Bakıda ilk dəfə “StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu” keçirilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və “StrategEast” təşkilatının tərəfdaşlığı ilə Bakıda noyabrın 4-5-də 7-ci “StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu” keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda birinci dəfə təşkil edilən bu forum ABŞ, Avropa Birliyi, Körfəz, Mərkəzi Asiya və Qafqaz regionlarından 200-ə yaxın eksperti və texnologiya liderini bir araya gətirib.

Budəfəki tədbir “Süni zəka ilə dəyişən dünya” mövzusuna həsr olunub. Forum zamanı süni intellektin qlobal iqtisadiyyata, xüsusilə də Mərkəzi Avrasiya regionu ölkələrinin iqtisadiyyatına təsiri, yaratdığı imkanlar və çağırışlar, həmçinin süni intellektdən etik və məsuliyyətli istifadə normalarına dair ekspert çıxışları və panel müzakirələri baş tutub.

Forum çərçivəsində İRİA-nın kommersiya üzrə baş direktoru Salar İmaməliyev açılış nitqi ilə çıxış edərək cari ildə qəbul edilmiş Azərbaycanın Süni İntellekt Strategiyası ilə konseptual baxışın formalaşdığını bildirib: “Süni intellekt texnologiyası yeni imkanlar və çağırışlar yaradır. Dövlət səviyyəsində təsdiqlənmiş strategiya bu texnologiyanın gücündən yararlanaraq dövlət idarəçiliyini müasirləşdirmək, milli iqtisadiyyatın rəqabətliliyini artırmaq, o cümlədən insan kapitalı, startap ekosistemi və ümumilikdə innovativ biznes mühitinin inkişafını hədəfləyir”.

“StrategEast” təşkilatının rəhbəri Anatoli Motkin çıxışı zamanı Mərkəzi Avrasiyanın rəqəmsal ekosistemində Azərbaycanın xüsusi rolunu vurğulayıb: “Azərbaycanın uğurlu rəqəmsal siyasəti və eləcə də qurduğu effektiv regional tərəfdaşlıqlar sübut edir ki, bu ölkə Mərkəzi Avrasiya ekosisteminin aparıcı qovşağına çevrilməkdədir. Bu forumun da Bakıda keçirilməsi tərəfdaşlıqların gücləndirilməsi üçün zəmin yaradır”.

Forumun ikinci günündə İRİA-nın Data idarəedilməsi departamentinin müdiri Kamran Ağayev “Mərkəzi Avrasiyada inklüziv rəqəmsallaşma: böyük texnologiya şirkətlərinin dövlətlərin rəqəmsal suverenliyində rolu” mövzusuna həsr olunmuş panel müzakirəsində çıxış edib.

Tədbir əsnasında “Google”, EPAM, “Xsolla”, “Coursera” və “Sigma Sotfware” kimi dünyanın qabaqcıl texnologiya şirkətlərindən nümayəndələr, o cümlədən Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri iştirak ediblər. Bundan əlavə, tədbirdə startaplarla vençur və korporativ investorlar arasında görüşlərin nəzərdə tutulduğu xüsusi “Startups Meet Investors” sessiyası da təşkil edilib.

Qeyd edəki ki, “StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu” əvvəlki illərdə Kiyev, Tbilisi, Bişkek, Səmərqənd, Almatı və Kişinyovda keçirilib. Forumun yekunu olaraq müvafiq texnoloji istiqamətdə qərarvermə mexanizmləri və siyasətlərini özündə birləşdirən ekspert tövsiyələri dövlət və özəl qurumlar, eləcə də investorlarla paylaşılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
azertag.az

2Mənbələr