AZ

“Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” videoçarxı nümayiş etdirilib

“Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” videoçarxı nümayiş etdirilib.

News365.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzində, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən hazırlanan “Əlilliyi Olan Qaçqın Qadınların Həyat Hekayələri” layihəsi çərçivəsində videoçarxın nümayişi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı (Rəhimova) çıxış edərək layihənin məqsədləri, sosial və humanitar əhəmiyyəti barədə məlumat verib. Layihənin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin müdiri Mahir Qəribov layihənin ideya istiqamətləri və hazırlanma prosesi barədə təqdimatla çıxış edib.

Tədbir zamanı “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən hazırlanan, rejissor və operator Rahim Sadıqbəyli tərəfindən çəkilən videoçarx nümayiş etdirilib. Videoçarxda fiziki məhdudiyyətləri olan qaçqın qadınların həyat hekayələri, onların üzləşdiyi çətinliklər, həyat mübarizəsi və cəmiyyətə inteqrasiya səyləri əks olunub.

Videoçarxın nümayişindən sonra keçirilən müzakirələrdə Milli Məclisin deputatı Hikmət Babaoğlu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Emil Hüseynli, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev, Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov, DOST Agentliyinin nümayəndəsi Şahin Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüləri Nurəddin Mehdiyev, Zaur İbrahimli, “Dədə Ələsgər Ocağı” QHT-nin sədri Xətai Ələsgərli, hüquqşünas Əliməmməd Nuriyev, eləcə də əsli Qərbi Azərbaycanın Zəngibasar mahalından olub hazırda ABŞ-ın Kaliforniya ştatında yaşayan Heyran Abbasova, Finlandiyada yaşayan diaspor fəalları və digər natiqlər çıxış ediblər. Onlar layihənin ictimai, mənəvi və elmi əhəmiyyətini vurğulayaraq, bu kimi təşəbbüslərin Qərbi Azərbaycan həqiqətlərinin və əlilliyi olan qadınların səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını qeyd ediblər.


Tədbirin sonunda layihənin eksperti Səidə Qurbanova tərəfindən beynəlxalq təşkilatlara və diplomatik korpus nümayəndələrinə müraciətlə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin Bəyanatı səsləndirilib. Bəyanatda layihənin məqsədləri, qadınların hüquqlarının qorunması, sosial ədalətin təmin olunması və Qərbi Azərbaycan qaçqınlarının tarixi həqiqətlərinin beynəlxalq müstəviyə çıxarılmasının vacibliyi vurğulanıb.


Tədbirin sonunda iştirakçılara təşəkkür bildirilməsi və xatirə fotosessiyası ilə yekunlaşıb.


Qeyd: Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il Böyük Qrant Müsabiqəsinin qalibi olan “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə, 1948-1953 və 1988-ci illərdə etnik və siyasi səbəblərlə Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) deportasiya olunmuş, fiziki məhdudiyyətlərlə yaşayan qadınların dramatik həyat hekayələrini sənədləşdirmək və ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.


Layihə aşağıdakı beynəlxalq hüquqi sənədlərə əsaslanır.


BMT Nizamnaməsi İnsan Hüquqları Ümumi Bəyannaməsi (1948)

Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu

Əlilliyi olan saxslarin hüquqları haqqında Konvensiva (CRPD)

Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu

Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya (CRPD)

Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya (CEDAW)

UNHCR-in Könüllü, Təhlükəsiz və Ləyaqətli Qayıdış prinsipləri

Tədbir həm akademik müzakirə, həm də ictimai maarifləndirmə baxımından əhəmiyyətli bir platforma rolunu oynayıb. Layihə beynəlxalq hüquq və insan hüquqları prinsiplərinə əsaslanaraq, əlilliyi olan qaçqın qadınların səsini, mübarizəsini və həyat təcrübələrini ictimai diqqət mərkəzinə gətirir. Bu təşəbbüs, həm də Azərbaycan cəmiyyətində inklüzivlik, sosial ədalət və gender bərabərliyinin təşviqi istiqamətində mühüm addım kimi qiymətləndirilir.


Seçilən
38
news365.az

1Mənbələr