AZ

Ermənistan Aİ-nin mübahisəli missiyası ilə bağlı qapalı müzakirələr aparıb...


Rəşad Bayramov: “Sülh sazişindən sonra missiyasının əvvəlki formatda qalmasını məqbul hesab edə bilmərik”

Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən Aİ-nin Mülki Müşahidəçilər Missiyasının (EUCM) formatı iki ölkə arasında sülh və dövlətlərarası münasibətlər haqqında saziş imzalanana qədər dəyişməyəcək.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Orbeli 2025: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” beynəlxalq forumunda çıxışı zamanı deyib.

O bildirib: “Sazişin imzalanmasından və ratifikasiyasından sonra format dəyişdirilə bilər. Artıq Aİ tərəfdaşlarımızla bu məsələ ilə bağlı daha əsaslı müzakirələr aparmışıq və hələ də aparılacaq”.

Sülh sazişindən sonra formatın dəyişdirilməsinə nə ehtiyac var? Artıq Aİ missiyası birdəfəlik Ermənistandan çıxarılmalı deyilmi? Formatın dəyişdirilməsində Ermənistanın məqsədi nədir?

“Ermənistanın onu saxlamağa çalışması Qərbin siyasi dəstəyini qorumaq niyyəti ilə bağlıdır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov buna bir neçə aspektdən yanaşdı: “Məlumdur ki, Aİ missiyası 2023-cü ilin əvvəlində yaradılıb və onun əsas vəzifəsi, yəni rəsmi olaraq əsas vəzifəsini nəzərdə tuturam, Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müşahidə etmək, gərginliyin azaldılmasına dəstək vermək idi. Lakin sülh sazişinin imzalanması ilə bu missiyanın fəaliyyətinə də hər hansı ehtiyac qalmayacaq. Çünki sülh razılaşması iki ölkə arasında sərhədlərin tanınmasını və təhlükəsizlik təminatının birbaşa dövlətlərarası mexanizmlərlə həyata keçirilməsini nəzərdə tutur. Ermənistan isə Aİ müşahidəçilərinin qalmasında maraqlıdır və bunu təhlükəsizlik zəmanəti, Qərbin siyasi diqqətinin bölgədə saxlanması vasitəsi kimi görür. Rusiya ilə münasibətlərin soyuması fonunda rəsmi İrəvan bir tərəfdən bu missiyanı Qərbyönümlü kursunun simvolu kimi təqdim edir. Digər tərəfdən isə, sərhədləri hələ də Rusiya tərəfindən qorunan dövlət olaraq kritik vəziyyətdə, yəni Rusiya ilə açıq konflikt halında Qərbin təhlükəsizliyə dəstəyinə ümid edir. Azərbaycan olaraq biz, təbii ki, sülh sazişindən sonra Aİ missiyasının əvvəlki formatda qalmasını məqbul hesab edə bilmərik. Rəsmi Bakı haqlı olaraq hesab edir ki, sülh sazişinin imzalanmasından sonrakı mərhələdə əsas məqsəd sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat və iqtisadi əlaqələrin bərpasıdır. Bu kontekstdə xarici müşahidə missiyalarının fəaliyyəti sülh prosesinə deyil, daha çox geosiyasi rəqabətə xidmət edə bilər. Nəticə etibarilə, sülh sazişinin imzalanmasından sonra Aİ missiyasının mandatı təbii şəkildə başa çatmalıdır. Ermənistanın onu saxlamağa çalışması Qərbin siyasi dəstəyini qorumaq niyyəti ilə bağlıdır. Azərbaycan isə bölgədə suveren nəzarətin tam bərpasını və xarici təsirlərin minimuma endirilməsini prioritet hesab edir. Odur ki, bu missiyanın ümumiyyətlə ləğvi bizim baxışımızla daha məntiqli görünür. Yox, əgər Ermənistan dediyim səbəblərlə missiyanı saxlamaq istəyəcəksə, o zaman mandatın dəyişdirilməsini və paraflanan sülh sazişinin tələblərinə uyğun olaraq həmin missiyanın Azərbaycan-Ermənistan sərhədlərindən uzaqlaşdırılmasını təmin etməlidir”.

Vidadi ORDAHALLI

Seçilən
32
baki-xeber.com

1Mənbələr