AZ

Niderlandda seçkilərdə qalib gələn mərkəzçilər koalisiya danışıqlarına hazırlaşır

Haaqa, 5 noyabr, AZƏRTAC

Niderlandda keçirilən parlament seçkilərinin nəticələri rəsmən təsdiqlənib. Mərkəzçi Rob Yettenin rəhbərlik etdiyi D66 partiyasının qələbəsindən sonra belə bir sual yaranıb: Yettenin rəhbərliK etdiyi D66 partiyası yaşıl-sosial demokrat ittifaqı ilə (Vətəndaşlar və Əməkdaşlıq İttifaqı) koalisiya qura biləcəkmı? Çünki Niderlandda hökumət formalaşdırmaq aylarla davam edən mürəkkəb bir prosesdir.

AZƏRTAC xəbər verir ki, rəsmi nəticələrə görə, D66 partiyası 28 455 səs fərqi ilə qalib gəlib və parlamentdə 26 yer qazanıb. Niderland Seçki Şurası yekun nəticələri noyabrın 7-də keçiriləcək mərasimdə rəsmi şəkildə açıqlayacaq.

Lakin Niderland siyasətində parçalanma o qədər dərinləşib ki, heç bir partiya 150 yerlik parlamentdə mütləq çoxluq əldə edə bilməyib. Bu isə o deməkdir ki, koalisiya hökuməti formalaşdırmaq zəruridir.

Rob Yetten koalisiya danışıqlarına başlamağa hazırlaşır. O, ilk addım kimi Niderlandda “kəşfiyyatçı” (eclaireur) adlanan bir şəxs təyin edəcək. Bu şəxs partiyalar arasında mümkün əməkdaşlıq imkanlarını araşdıracaq. Əgər bu mərhələdə razılıq əldə olunarsa, növbəti addımda yeni nümayəndə təyin ediləcək və bu şəxs koalisiya proqramı üzərində rəsmi danışıqlara başlayacaq. Yekunda razılaşdırılmış proqram kral Vilyam Aleksandrın qarşısında təsdiqlənəcək və yeni hökumət and içəcək.

Xatırladaq ki, 2021-ci ildə koalisiyanın formalaşması 299 gün çəkmişdi — bu, ölkə tarixində rekord göstərici olub.

Hazırda iki əsas variant gündəmdədir. Birinci ssenariyə görə, D66 sağ partiya JA21 ilə razılaşa bilər. Digər ssenaridə isə yaşıl və sosial-demokratların birləşdiyi sol ittifaqla əməkdaşlıq mümkündür.

Yeni hökumət formalaşana qədər, istefa vermiş Baş nazir Dik Sxofun hökuməti ölkənin gündəlik idarəçiliyini davam etdirəcək.

Beləliklə, D66-nın qələbəsi Niderland siyasətində mərkəzçi xəttin yenidən güclənməsini göstərsə də, qarşıdakı koalisiya danışıqları bu qələbənin necə bir hökumətə çevriləcəyini müəyyən edəcək.

Seçilən
20
2
azertag.az

3Mənbələr