AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyi çərçivəsində keçirilən Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin (UNASTW) Baş Assambleyasının VIII iclasında “21-ci əsrin türkoloji çağırışları və Türkoloji Qurultaya hazırlıq” mövzusunda məruzə ilə çıxış edib.
Akademik İsa Həbibbəyli çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 noyabr 2025-ci il tarixində AMEA-nın 80 illik yubileyi tədbirində etdiyi dərin məzmunlu çıxışın Akademiyanın və ümumilikdə Azərbaycan elminin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdiyini diqqətə çatdırıb. O, həmçinin ölkə rəhbəri tərəfindən imzalanmış “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamın elmi ictimaiyyət üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, dövlət başçısının imzaladığı bu mühüm sənəddən irəli gələn vəzifələrin icrası məqsədilə AMEA tərəfindən yubileyə dair tədbirlər planı hazırlanıb və artıq Akademiyada Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş silsilə tədbirlərə start verilib. İlk olaraq cari il sentyabrın 30-da AMEA-nın Rəyasət Heyətinin binasında Türk Dil Qurumu ilə birgə “Dünəndən bu günə Birinci Türkoloji Qurultay: ümumtürk humanitar elmi fikrinin 100 ili və perspektivləri” mövzusunda elmi konfrans keçirilib.
AMEA rəhbəri Azərbaycan alimləri və bütövlükdə Türk dünyasının elmi ictimaiyyətinin qarşıda duran mühüm vəzifələrin həllinə nail olmaq üçün bundan sonra da sıx birləşərək birgə və səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib. O, hələ 2015-ci il iyunun 29-da Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Türk Dünyası Elmlər Akademiyaları İttifaqının təsis sessiyasında iştirak etdiyini xatırladıb.
Akademik İsa Həbibbəyli Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin müasir dövrdə fəal və məqsədyönlü şəkildə fəaliyyət göstərdiyini, bu birliyin elmi əlaqələrin genişlənməsinə və türk dövlətləri arasında elmi inteqrasiyanın güclənməsinə mühüm töhfə verdiyini söyləyib. Qeyd edib ki, Birinci Türkoloji Qurultayda əsası qoyulan bir çox ideyalar bu gün yeni tarixi şəraitdə ardıcıl şəkildə həyata keçirilir. Türk dövlətləri arasında qardaşlıq və müttəfiqlik ruhunda formalaşan münasibətlər, eləcə də mədəni əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan addımlar artıq davamlı və sistemli xarakter alıb. O, əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə inamını qeyd edib.
Alimin sözlərinə görə, hazırda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinə Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkərin rəhbərlik etməsi türk dövlətləri arasında elmi inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir. Baş Assambleyanın VIII iclasına AMEA-nın ev sahibliyi etməsi isə Azərbaycan elmi üçün həm böyük məsuliyyət, həm də qürur mənbəyidir: “Bu təşəbbüs vasitəsilə AMEA Türk dünyasında elmin inkişafına, ortaq elmi dəyərlərin formalaşmasına və qardaş ölkələr arasında elmi əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm dəstək verir”.
Akademik İsa Həbibbəyli qeyd edib ki, ötən il fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimində səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır” fikri bu gün türk dövlətlərinin həmrəyliyinin və ortaq dəyərlər əsasında birliyinin ideoloji əsasını təşkil edir. O, bu kontekstdə Türk dünyası ölkələrinin səylərini birləşdirərək, xüsusilə elm və təhsil sahəsində birgə təşəbbüslərlə çıxış etməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb.
AMEA prezidenti vurğulayıb ki, Azərbaycanda uzun illər ərzində formalaşmış və zəngin elmi ənənəyə malik türkologiya bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda türk dillərinin müqayisəli şəkildə araşdırılması, yeni prioritet istiqamətlərin müəyyənləşdirilməsi və müasir elmi yanaşmaların tətbiqi istiqamətində mühüm addımlar atılır.
“Dilçiliyin bütün sahələri üzrə mütəxəssis hazırlığının gücləndirilməsi, tədqiqat istiqamətlərinin genişləndirilməsi və elmi fəaliyyətin XXI əsrin çağırışlarına uyğunlaşdırılması türkologiya elminin qarşısında duran əsas vəzifələrdəndir”, – deyən akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın Şərqşünaslıq və Dilçilik institutlarında uzun illərdir Türkologiya şöbəsi fəaliyyət göstərir. Yeni dövrün çağırışlarına əsasən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi, Memarlıq və İncəsənət İnstitutunda Türk sənət tarixi və mədəni irsi şöbələri yaradılıb. Həmçinin Tarix İnstitutunda “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin adı dəyişdirilərək “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsi adlandırılıb. Bu istiqamətdə işlər digər institutlarda da davam etdirilir.
O, ölkə Prezidenti İlham Əliyevin cari ilin oktyabrında Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə çıxışı zamanı 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayaraq, gələn il birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etdiyini xatırladıb. Bildirib ki, dövlət başçısı tarixi çıxışı zamanı ortaq tarixi və etnik köklərimizin, dillərimizin bizi bir ailə kimi birləşdirdiyini qeyd edib. Qurultayın 100 il öncə təqdim etdiyi ideyalar bu gün Türk Dövlətləri Təşkilatının timsalında, türk xalqlarının və dövlətlərinin daha güclü həmrəyliyi ilə gerçəkləşir.
AMEA rəhbəri, həmçinin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubiley tədbirinin Rəyasət Heyətində keçirildiyini deyərək, Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Özbəkistan Prezidenti İslam Kərimov və digərlərinin iştirakı ilə gerçəkləşən, türk dövlətləri səviyyəsində baş tutan bu tədbirin siyasi əhəmiyyətini vurğulayıb.
Birinci Türkoloji Qurultayın 1926-cı ilin 26 fevral – 6 mart tarixlərində AMEA-nın Rəyasət Heyətinin Böyük alt zalında keçirildiyini xatırladan akademik İsa Həbibbəyli Qurultayın 100 illik zirvə tədbirinin də bu tarixi binada təşkil edilməsini məqsədəuyğun hesab edib. O, Qurultayın ortaq əlifbaya keçidlə bağlı ideyalarının 2024-cü ildə Türk Dövlətləri Təşkilatı tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının iclasında qəbul olunduğunu diqqətə çatdırıb.
Alim Azərbaycanda Birinci Türkoloji Qurultayla bağlı nəşr olunacaq kitablar barədə də məlumat verib. Vurğulayıb ki, akademik Nizami Cəfərovun “Birinci Türkoloji Qurultayın dərsləri” adlı 600 səhifəlik tədqiqat əsəri AMEA tərəfindən çap olunacaq, həmçinin Qurultayın rus dilində olan stenoqramı tərcümə edilərək ictimaiyyətə təqdim olunacaq. O, eyni zamanda, Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin ilk dəfə arxivdən Qurultayın məxfi sənədlərini aşkar etdiyini və tədqiqatlarını nəşrə hazırladığını söyləyib.
AMEA rəhbəri Birinci Türkoloji Qurultayla bağlı cəmiyyətin daha ətraflı məlumatlandırılması məqsədilə tanıtma kitabının yazılmasının və Qurultayın arxiv fotolarından ibarət albomun hazırlanmasının zəruriliyini qeyd edib. Akademik İsa Həbibbəyli AMEA-da Birinci Türkoloji Qurultayla bağlı müxtəlif dillərdə 10-a yaxın kitabın nəşr olunacağını vurğulayıb.