AZ

Orban mediasını genişləndirir

Macarıstanın ən çox oxunan mediasının jurnalistləri şok içində qalıblar — çünki baş nazir Viktor Orbanın “Fides” partiyasına yaxınlığı ilə tanınan media qrupu, həmin tabloidi onun əvvəlki İsveçrəli sahiblərindən satın alıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Satınalma qərarı 2026-cı ildə keçiriləcək həlledici seçkilər ərəfəsində həyata keçirilib və müşahidəçilər bunu hökumətin mediaya nəzarətini daha da gücləndirmə cəhdi kimi qiymətləndirirlər.

Orbana dəstək verən Indamedia qrupu cümə günü bildirib ki, İsveçrənin Ringier şirkətindən bir neçə Macarıstan nəşrini, o cümlədən “Glamour” jurnalını və aylıq təxminən üç milyon onlayn oxucusu olan Blikk tabloidini satın alıb.

“Blikk”in baş redaktoru İvan Jol Nađ, yeni sahiblərlə “qarşılıqlı razılıqla” postunu tərk etdiyini açıqlayıb. O, yeddi ay əvvəl qəzetin redaksiya kursunu dəyişmək və onu “sensasiyadan çox cəmiyyət yönümlü, siyasət, iqtisadiyyat və mədəniyyət mövzularına diqqət yetirən” nəşrə çevirmək məqsədilə işə götürülmüşdü.

Nađ sosial şəbəkədə yazıb ki, “bu istiqamət artıq davam edə bilməyəcək” və özü ilə birlikdə bir top-menecerin də getdiyini təsdiqləyib.

“Blikk”in əməkdaşları qəzetin satılmasından sonra “şok” vəziyyətində olduqlarını bildiriblər. Yeni baş redaktor vəzifəsinə Balaj Kolossvari təyin olunub. Lakin çoxsaylı jurnalistlər “daha az sayda müstəqil media qaldığını” və “alternativ iş imkanlarının getdikcə məhdudlaşdığını” etiraf edirlər.

“Ringier Hungary”nin satışı parlament seçkilərinə cəmi altı ay qalmış baş verir.

Müxalifətin lideri, “Hörmət və azadlıq” partiyasının sədri Peter Mađar bu addımı sərt tənqid edib:

“Bu, Orbanın Macarıstanda “propaganda fabrikini” genişləndirmək və mediaya tam nəzarətini möhkəmləndirmək üçün atdığı növbəti addımdır. Demokratiyamız məhz bu nəzarətə görə zərbə alıb”.

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr