AZ

Geoloq: Qarabağın və Şərqi Zəngəzurun yeraltı su ehtiyatları gələcəkdə alternativ su mənbəyi kimi istifadə oluna bilər AÇIQLAMA

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 5 noyabr, Leyla Muradzadə, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzur bölgələri yalnız zəngin faydalı qazıntı yataqları ilə deyil, həm də yeraltı və yerüstü su ehtiyatları ilə diqqət çəkir. Regionda qızıl, gümüş, mis kimi strateji xammalların yenidən tədqiqi və müasir geoloji-geofiziki metodlarla öyrənilməsi Azərbaycan iqtisadiyyatına və elm dünyasına yeni impuls verəcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin baş müəllimi, geoloq Allahverdi Tağıyev deyib.

O bildirib ki, işğal dövründə Qarabağda heç bir sistemli elmi tədqiqat aparılmayıb. “Sovet dövründə müəyyən araşdırmalar olsa da, müasir dövrün tələblərinə cavab verən modelləşdirmə, geokimyəvi və hidrogeoloji metodlar həmin vaxt mövcud deyildi. İndi isə ən müasir cihazlarla aparılan kəşfiyyat nəticəsində Qarabağın nəinki faydalı qazıntı, həm də neft-qaz və qeyri-neft resursları tam qiymətləndiriləcək”, – deyə A.Tağıyev qeyd edib.

Yeraltı sular – gələcəyin alternativ su mənbəyi

Geoloqun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun hidrogeoloji şəraiti gələcəkdə ölkənin su təhlükəsizliyində mühüm rol oynaya bilər: “Yeraltı su ehtiyatlarının öyrənilməsi nəticəsində bu resurslar təkcə Qarabağ və Zəngəzurun deyil, həm də Abşeron yarımadasının su təchizatında alternativ mənbə kimi istifadə oluna bilər”.

O, həmçinin qeyd edib ki, bölgədə geotermal sahələrin hesablanması həm energetika, həm də tibb sektorlarına yeni imkanlar açacaq. Termal suların kimyəvi tərkibi dərman preparatlarının hazırlanması və müalicəvi məqsədlərlə istifadəyə şərait yaradacaq.

Turizm və kurort potensialı

A.Tağıyev vurğulayıb ki, azad edilmiş ərazilərdə aparılan geoloji və hidrogeoloji tədqiqatlar turizm sektoruna da təkan verəcək: “Termal suların tərkibi və xüsusiyyətləri öyrənilərsə, kurort-sanatoriya komplekslərinin yaradılması prioritet məsələ ola bilər. Bu, həm regionun sosial-iqtisadi inkişafına, həm də sağlamlıq turizminə mühüm töhfə verəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
azertag.az

2Mənbələr