AZ

Bolqarıstan prezidenti “Lukoil” ilə bağlı qanun dəyişiklikliyini veto edib


Bolqarıstan Prezidenti Rumen Radev parlamentin qəbul etdiyi investisiya qanununa dəyişikliklər layihəsini veto edib.
Yeniavaz.com
Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, geri qaytarılan layihə daşınmaz və daşınar əmlakın, həmçinin Rusiyanın “Lukoil” şirkətinə məxsus dörd müəssisənin səhmlərinin özgəninkiləşdirilməsini nəzərdə tutub.
Radev qərarını izah edərkən bildirib ki, dəyişikliklər hökuməti Milli Təhlükəsizlik Agentliyinin qərarlarından asılı vəziyyətə salır. Prezidentin fikrincə, bu, Konstitusiyanın tələblərinə ziddir, çünki hökumət öz səlahiyyətlərini müstəqil şəkildə həyata keçirməlidir.
“Lukoil” 1999-cu ildə Bolqarıstan bazarına daxil olaraq 8,8 milyon ton gücündə Burqas neft emalı zavodunun nəzarət paketini əldə edib və hazırda ölkədə 500-dən çox yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir. Lakin son illər Avropa İttifaqının Rusiya neftinin idxalına qadağası şirkətin fəaliyyətinə ciddi təsir göstərib. “Lukoil” Bolqarıstandakı biznes strategiyasını yenidən nəzərdən keçirdiyini və bəzi aktivlərini satmağa başladığını açıqlayıb.
Oktyabrın 15-də ABŞ Maliyyə Nazirliyi “Lukoil”u sanksiya siyahısına əlavə edib və şirkətə 21 noyabra qədər fəaliyyətini dayandırmaq üçün lisenziya verib. Şirkət bu çərçivədə beynəlxalq treyder “Gunvor” ilə razılığa gələrək xarici aktivlərinin satışına dair müqavilə imzalayıb.
Radevin veto qərarı isə Bolqarıstanda siyasi dairələrdə müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, bu addım həm Moskva ilə iqtisadi əlaqələr, həm də ölkənin enerji təhlükəsizliyi baxımından yeni gərginliklərə yol aça bilər.

Murad Məmmədov
Seçilən
16
yeniavaz.com

1Mənbələr