AZ

Kreml narahatdır: Pekin Vaşinqtona “yaşıl işıq” yandırır?

"Rusiyanın baş naziri Mixail Mişustin Çinə səfər edib. Kreml Pekinin Vaşinqtonla yaxınlaşa biləcəyindən narahat olduğuna görə bu səfərə ehtiyac duyub".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg

Politoloq qeyd edib ki, səfərin ilk günündə bu ölkənin lideri Si Cinpinlə birgə kommünike imzalayıb. Lakin sənəddə yeni heç nə yoxdur:

"Sənədə əsasən, Rusiya və Çin bütün sahələrdə əməkdaşlığı genişləndirməyə və xarici çağırışlara müvafiq şəkildə cavab verməyə davam edəcəklər.

Sənəddə əməkdaşlığın bütün sahələrini əhatə edən bəndlər var. Birincisi, Rusiya və Çin İkinci Dünya müharibəsinin nəticələrinin təftiş olunmasına və tarixinin saxtalaşdırılmasına qarşı mübarizə aparmaq üçün birgə işləyəcəklərini bəyan ediblər.

İkincisi, Rusiya bir daha Tayvanın ayrılmaz hissəsi olduğu və "vahid Çin" prinsipinə sadiqliyini təsdiq edib. Bu bəndin sənədə salınması sual doğurur. Çünki Rusiya onsuz da illərdir Tayvan məsələsində Çinin mövqeyini dəstəkləyir.

Görünür, Kreml bu bəndin sənəddə yer almasına ona görə ehtiyac duyub ki, Pekin də Rusiyanın maraqlarına cavab verən bəndin sənəddə yer almasına razılaşsın. Çünki sonrakı bəndlərin birində Çinin Rusiyanın təhlükəsizliyin, sabitliyin və suverenliyin təmin edilməsi səylərini dəstəklədiyi bildirilib. Heç bir ölkə Rusiyaya hücum etməyib. Əksinə, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir.

Belə çıxır ki, Pekin Rusiyanın “təhlükəsizliyi və suverenliyinin təmin edilməsi” bəndi çərçivəsində bu ölkənin işğalçı müharibəsini dəstəkləyir. Sənəddəki digər bəndlərdən biri iki ölkənin qarşılıqlı ticarət strukturunu təkmilləşdirmək barədə razılığıdır. Rusiyanın və Çin fəaliyyətlərinin siyasiləşdirilməsinə qarşı çıxmaq üçün beynəlxalq təşkilatlarda əməkdaşlığı davam etdirmək barədə razılığı bəndində yeni heç nə yoxdur. Rusiya və Çin başda BMT olmaqla müxtəlif beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılam məsələlərdə ortaq mövqedən çıxış edirlər.

Rusiya və Çinin BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətində olduğunu göstərən bəndin sənədə salınması da maraq doğurur. Çünki Rusiya və Çin bu iki təşkilat yarandığı gündən bəri vahid mövqedən çıxış edirlər.

Sənəddə diqqət çəkən bəndlərdən biri Rusiya və Çinin Arktikada sülh və sabitliyin təşviqi, kosmik fəaliyyətin bütün sahələrində əlaqələrin dərinləşdirilməsi, ay stansiyasının tikintisi layihələrini dəstəkləmək və ayın tədqiqat missiyalarını əlaqələndirmək barədə razılığa gəlməsi barədədir.

Rusiya və Çinin son illərdə Arktikaya marağı artır. Hər iki ölkə Arktikanın resurslarını əldə etməyə çalışır. Göründüyü kimi, Rusiya və Çin arasında imzalanan sənəddə yeni heç nə yoxdur".

Elxan Şahinoğlu vurğulayıb ki, Mixail Mişustinin Pekinə səfəri Çin lideri Si Cinpinin ABŞ prezidenti Donald Trampla görüşündən bir neçə gün sonraya təaadüf edib:

"Kreml Pekinin Vaşinqtonla yaxınlaşa biləcəyindən narahat olduğuna görə Mixail Mişustini Pekinə səfərinə və birgə kommünikeyə ehtiyac duyub. Halbuki, rusiyalı iqtisadi ekspertlər Çinin başqa ölkələrə müqayisədə Rusiyada yatırımlarının az olduğunu vurğulayırlar.  Çünki Pekin ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından ehtiyat etdiyinə görə qonşu ölkəyə böyük yatırımlar həyata keçirməyi lazım bilmir. Bu arada, “Bloomberg” agentliyinin yaydığı məlumata görə, ABŞ Rusiyanın iki böyük neft şirkətinə sanksiyalar tətbiqini elan etdikdən sonra Çinin neftayrıma zavodları Rusiya neftinin alışını azaltmağa başlayıblar".

Xalidə Gəray
Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr