AZ

"Çelsi"ni bir xalla yola sala bilərik -AÇIQLAMA

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün Bakıda İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.

Redaktor.az-a oyunla bağlı fikirlərini bölüşən idman eksperti Kənan Məstəliyev bildirdi ki, "Çelsi" dünyanın ən titullu futbol klublarından biridir:

"Avrokubokların hamısını qazanan və son Dünya Çempionu olan, bu titulu qazanmış yeganə klubdur. Onların heyəti 1,2 milyard avroluq dəyərə sahibdir və futbolçuları dünya səviyyəsində tanınır. Bir sözlə, "Çelsi" nəhəng və əfsanəvi bir komandadır. Onların Bakıya gəlişi, əlbəttə, "Qarabağ" üçün çətin olsa da, sevinclidir. Çünki belə komandalar hər zaman Bakıya gəlmir və onları, istər qələbə, istər məğlubiyyət olsun, Tofiq Bəhramov adına Respublika Stadionunun qazonunda izləmək böyük bir fürsətdir".

Ekspertin fikrincə,"Qarabağ"la "Çelsi" arasındakı qarşıdurma çətin olacaq.

""Çelsi" heyətində hər mövqedə yüksək səviyyəli futbolçular var, qapıdan hücuma qədər hər mövqedə dünya səviyyəsində adlar mövcuddur. Onlarla başabaş mübarizə aparmaq asan deyil. Əgər "Çelsi" tam gücü ilə və ciddi şəkildə oynayarsa, "Qarabağ"ın şansı çox az olar. Amma gözləntilərə görə, "Çelsi" rotasiya edəcək və heyətində dəyişikliklər olacaq. Buna görə də, ikinci heyətdən olan oyunçular meydana çıxacaq. Bu isə bizim xeyrimizə ola bilər. "Çelsi" Bakıya sadəcə bir günlük səfər kimi baxır, bu da onların oyun öncəsi məşqi və mətbuat konfransını Bakıda keçirməmələrindən görünür. Belə bir yanaşma, bizə rəqibin boşluqlarından faydalanmaq imkanı verə bilər. Mübarizə aparmaq vacibdir. Hər anı dəyərləndirmək, meydançanın hər qarışında sona qədər mübarizə aparmaq lazımdır. Yalnız bu halda "Qarabağ" xal və ya xalalar qazanma şansına sahib olacaq. Real danışsaq, "Çelsi"nin qələbəsi gözlənilir. Lakin böyük hesabla qələbə olacağını düşünmürəm. Hər halda, "Qarabağ" mübarizə edəcək və sona qədər döyüşəcək. Ssenarilər bizim istədiyimiz kimi inkişaf edərsə, bəlkə də, "Çelsi"ni bir xalla yola sala bilərik. Lakin bunun üçün bəhs etdiyim meyarların üst-üstə düşməsi vacibdir. Komandamıza uğurlar arzulayıram!", - deyə Kənan Məstəliyev yukunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
11
1
redaktor.az

2Mənbələr