AZ

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu AMEA nın alimlərinin fəaliyyətini yüksək qiymətləndirib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Səksən illik tarixi yol - bu, yalnız bir elm ocağının deyil, bütöv bir xalqın intellektual inkişafının, mənəvi dirçəlişinin və milli özünüdərkinin salnaməsidir. Akademiyanın zəngin elmi potensialı və ənənələri sayəsində bu gün Azərbaycan elmi beynəlxalq aləmdə layiqli yer tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 18 mart tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı Akademiyanın ölkə həyatındakı mühüm rolunun dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Bu sənəd, eyni zamanda, elmin cəmiyyətin davamlı inkişafındakı əhəmiyyətini bir daha təsdiq edir.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu fikirlər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulovanın Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə ünvanlandığı məktubda qeyd olunub. Vurğulanıb ki, Türk Mədəniyyəti və İrsi Fondu üçün Azərbaycan Milli Elmlər Akademiyası uzun illərdir etibarlı tərəfdaş və dost qurumdur. Fond tərəfindən türk dövlətlərinin ortaq tarixinin, mədəniyyətinin və irsinin öyrənilməsi və təbliği sahəsində həyata keçirilən bir çox layihələrdə AMEA-nın alimlərinin iştirakı xüsusi vurğulanmalıdır. Fond bu əməkdaşlığı yüksək qiymətləndirir və onun gələcəkdə daha da dərinləşəcəyinə inanır.

Məktubda deyilir: “Türk Dünyası növbəti mötəbər hadisənin astanasındadır. Bildiyiniz kimi, gələn il 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın yüzilliyi tamam olur. 2025-ci il oktyabrın 22-də Prezident İlham Əliyev tərəfindən daha bir vacib sənəd - “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam” imzalanıb. Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayan həmin sənəd Türk dünyasının ortaq mədəni və elmi irsinin qorunması və tanıdılması, o cümlədən 1926-cı ildə keçirilmiş Qurultayın beynəlxalq səviyyədə yaratdığı birliyin, elmi əməkdaşlığın və mədəni dialoqun daha da gücləndirilməsi nöqteyi-nəzərindən mühüm bir addımdır”.

Həmçinin vurğulanır ki, oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı Prezident İlham Əliyev öz çıxışında bir daha ortaq tariximizin və etnik köklərimizin, dillərimizin bizi bir ailə kimi birləşdirdiyini qeyd edərək, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə təşkil olunmasını təklif edib. Bu əlamətdar tarix elm, dil və mədəniyyət əlaqələrimizin zənginliyini bir daha bütün dünyaya nümayiş etdirəcək və Türk dünyasının elmi-mədəni həmrəyliyinin möhkəmlənməsinə dəyərli töhfə verəcək. Bu xüsusda, türk dövlətlərinin elmlər akademiyaları və qardaş türk əməkdaşlıq təşkilatları tərəfindən həyata keçiriləcək təşəbbüslərdə Fond fəal iştirak etmək və öz töhfəsini vermək niyyətindədir. Məktubda, bu istiqamətdə səylərin, ideyaların və təcrübələrin birləşdirilməsi, həmçinin gələcək silsilə yubiley tədbirlərinin yüksək səviyyədə təşkil edilməsi üçün vahid Yol Xəritəsinin qəbul olunması da təklif edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
azertag.az

1Mənbələr