AZ

“Prinsipial məsələlər Ermənistan və Azərbaycan arasında öz həllini tapıb” ŞƏRH

ain.az, Gununsesi saytına istinadən bildirir.

Rusiya Federasiyasından Azərbaycan və Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana buğda yüklü qatar göndərilib.

Bu hadisə regionda nəqliyyat-kommunikasiya xətlərinin mərhələli şəkildə açılması və əməkdaşlıq imkanlarının genişlənməsi fonunda diqqət çəkir.

Azərbaycanın paralel olaraq Qazaxıstandan gələn yüklər üçün də eyni tranzit şəraitini təmin etməsi, regional logistika imkanlarının inkişafı və qarşılıqlı etimadın güclənməsi baxımından mühüm addım kimi dəyərləndirilir.

Bu cür əməkdaşlıq addımlarının Cənubi Qafqazda davam edən sülh prosesinə və münasibətlərin normallaşmasına müsbət təsir edib-etməyəcəyi isə önəmli müzakirə mövzusudur.

Bu tranzit əməkdaşlığı Cənubi Qafqazda siyasi münasibətlərin normallaşması və sülh prosesinin irəliləməsinə real töhfə verə bilərmi, yoxsa hələlik yalnız iqtisadi-təkmiqyaslı yanaşma kimi qiymətləndirilməlidir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq Turan Rzayev vurğulayıb ki, bundan əvvəl də təyyarələrin bir-birinin hava məkanından tranzit keçidinə icazə verildiyini gördük:

“Tranzit keçidin təmin edilməsi və ümumiyyətlə iqtisadi münasibətlərdə yeniliklərin tətbiqi sülh prosesinə birbaşa bağlı olan məsələlərdir. Onsuz da prinsipial məsələlər Ermənistan və Azərbaycan arasında öz həllini tapıb. Vaşinqtonda baş tutan görüşdə tərəflər sülh sazişi layihəsini paraflayıblar. Qalır yalnız imza atmaq ki, mən bunun açıq şəkildə 2026-cı ildə baş verəcəyini düşünürəm.

Amma həmin vaxta qədər bu tip halların şahidi ola bilərik. Əslində, bundan əvvəl də təyyarələrin bir-birinin hava məkanından tranzit keçidinə icazə verildiyini gördük. Bu dəfə də tranzit keçidlər mümkündür. Ən azı Azərbaycan tərəfindən burada problem yoxdur. Yəni Azərbaycan, onsuz da Ermənistan avtomobillərinin buradan keçməsinə mane olmayacaq, mülki yüklərin daşınmasına qarşı hər hansı məhdudiyyət tətbiq etməyəcək.

Ermənistanla bağlı müəyyən narahatlıqlar mövcuddur. Böyük ehtimalla Ermənistan tərəfi bu tranzit keçidi həyata keçirsə belə, Azərbaycan müəyyən müddət gözləmə mövqeyində qala bilər. Amma hər halda gec-tez münasibətlərin normallaşması ilə paralel iqtisadi əlaqələr də normallaşacaq və mən bu tendensiyanın tədricən intensivləşəcəyini düşünürəm”.

Gülxanım Əliyeva

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
icma.az

1Mənbələr