AZ

BMU ilə CUFE arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Mərkəzi Maliyyə və İqtisadiyyat Universiteti (Central University of Finance and Economics-CUFE)  arasında onlayn görüş keçirilib.

AzEdu.az xəbər ki, BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül bildirib ki, bu görüş iki dost ölkənin ali təhsil ocaqları arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. BMU-nun beynəlxalq əməkdaşlığı gücləndirməyi inkişafın mühüm dayaqlarından biri kimi gördüyünü və Çinin ali təhsil müəssisələri ilə qurulan əlaqələri səmərəli, eləcə də strateji tərəfdaşlıq nümunəsi hesab etdiyini bildirən prorektor cari ildə bu yöndə gerçəkləşdirilən bir sıra işlərə diqqət çəkib. Eyni zamanda BMU ilə CUFE arasında mübadilə, birgə elmi-tədqiqat layihələri, ikili diplom və digər proqramların yaradılması kimi təşəbbüslərin hər iki tərəf üçün faydalı olacağını söyləyib.

CUFE nümayəndələri öz növbələrində təmsil etdikləri universitetin beynəlxalq əlaqələri, mövcud mübadilə proqramları və Çin Hökuməti təqaüdləri barədə məlumat veriblər.

Digər çıxışlar zamanı keçirilən görüşün iki universitet arasında elm və təhsil sahəsində əməkdaşlığa təkan verəcəyi qeyd edilib.

Görüş zamanı universitetlər arasında mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Müzakirələrdə tələbə və müəllim mübadilə proqramlarının təşkili imkanları, birgə elmi layihələr və nəşrlərin hazırlanması, habelə biznes, iqtisadiyyat, sosial elmlər sahəsində ikili diplom proqramlarının yaradılması perspektivləri diqqət mərkəzində olub.

Sonda tərəflər əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı qarşılıqlı maraqlarını ifadə edib və memorandum layihəsinin hazırlanması barədə razılığa gəliblər.

Seçilən
22
1
azedu.az

2Mənbələr