AZ

Ekspert: Payız tətili istirahət üçündür, tapşırıq üçün yox

Məktəblərdə payız tətilinin başlanmasına az vaxt qalır. Lakin elə müəllimlər var ki, sanki tətillərin əsas məqsədini unudur və bu dövrü şagirdlərə səhifələrlə tapşırıq vermək üçün fürsət kimi görürlər.

Halbuki payız tətili şagirdlərin istirahəti və dərs gərginliyindən uzaqlaşması üçün nəzərdə tutulub. Amma bir çox müəllimlər bu istirahətə tam mənada imkan vermir.

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli danışıb.

O qeyd edib ki, müəllimlər belə hesab edirlər ki, tətil müddətində şagirdə nə qədər çox tapşırıq versələr, bir o qədər faydalı olar:

“Ümumilikdə görünür ki, bizim təhsil sistemimiz hələ də kurikulum sisteminə tam uyğunlaşa bilməyib. Bunun səbəbi ondan ibarətdir ki, kurikulum qaydalarına görə ev tapşırıqları nəinki tətil müddətində, hətta dərs dövründə də həddindən artıq verilməməlidir. Amma bizdə təhsil hələ də ənənəvi qaydada davam edir.

Yəni müəllimlər belə hesab edirlər ki, tətil müddətində şagirdə nə qədər çox tapşırıq versələr, bir o qədər faydalı olar. Halbuki onlar anlamırlar ki, tətil şagirdin dərs müddətində yorulduğu üçün ona istirahət və bərpa imkanı yaratmaq məqsədilə verilir. Yəni bu müddət onun müəyyən qədər dərs yükündən azad olması üçündür”.

Biz hələ də köhnə, ənənəvi sistemi davam etdirməkdə israrlıyıq:

“Bununla belə, qeyd etmək lazımdır ki, yeni nəsil, xüsusilə gənc müəllimlər arasında fərqli yanaşma müşahidə olunur. Onlar artıq kurikulum sistemi ilə işləyir, təlimlərdə iştirak edir və internet vasitəsilə beynəlxalq təcrübəni öyrənmək imkanına malikdirlər. Düşünürəm ki, yeni nəsil müəllimlərdə adətən artıq tapşırıqlara rast gəlinmir. Amma görünür ki, bizim bu köhnə ənənəvi sistemdən tam xilas olmağımız üçün hələ bir qədər zaman lazım olacaq.

Ümumilikdə mənzərə belədir: biz hələ də şəxsiyyət yönümlü deyil, daha çox imtahan yönümlü şagirdlər yetişdiririk. Buna görə də 1-ci sinifdən 11-ci sinifə qədər uşaqları repetitor yanına göndərməyə çalışırıq ki, mütləq şəkildə imtahan nəticələri yaxşı olsun. Biz demirik ki, bu şagird vətənpərvər olmalıdır, yaxşı tərbiyə almalıdır, mənəvi cəhətdən zəngin yetişməlidir. Halbuki təhsildə bu kimi dəyərlər də çox vacibdir. Amma biz hər şeyi imtahan nəticələri ilə ölçürük və məqsəd, demək olar ki, yalnız buna yönəlib.

Bu yanaşma isə həm müəllimlər, həm də şagirdlər üçün əlavə gərginlik yaradır. Düşünürəm ki, ən azı tətil müddətində şagirdlərə bir qədər azadlıq və istirahət imkanı vermək lazımdır”.

Seçilən
31
azedu.az

1Mənbələr