AZ

TDT Ağsaqqallar Şurasının 18 ci iclasında ŞKTC ni Oktay Öksüzoğlu təmsil edib

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 18-ci iclası Azərbaycan Respublikasının ev sahibliyi ilə Bakıda keçirilib.

Bizimyol.info xəbər verir ki, TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərliyi ilə keçirilən iclasda Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) Şuranın ŞKTC üzrə nümayəndəsi Oktay Öksüzoğlu təmsil edib.

ŞKTC-nin Bakı Nümayəndəliyinin məlumatına görə, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın ağsaqqalları iştirak ediblər. Toplantıda, həmçinin, ŞKTC-nin Bakıdakı nümayəndəsi, səfir Ufuk Turqaner və nümayəndəliyin üçüncü katibi Görkəm Reis də iştirak ediblər.

Çıxışı zamanı Oktay Öksüzoğlu qeyd edib ki, ŞKTC Türk dünyasının ayrılmaz hissəsidir və təşkilata mədəni, akademik və mənəvi sahələrdə fəal şəkildə töhfə verir.

O vurğulayıb ki, ŞKTC artıq yalnız iştirakçı deyil, həm də ev sahibi ölkə kimi məsuliyyət daşıyır. Bunun bariz nümunəsi kimi TDT Ağsaqqallar Şurasının 17-ci iclasının ŞKTC-də keçirilməsini, ardınca Türk Akademiyasına müşahidəçi üzv qəbul olunmasını və yeddi ŞKTC universitetinin Türk Universitetləri Birliyinə qoşulmasını göstərib.

Öksüzoğlu bildirib ki, ŞKTC təhsil sahəsində Türk dünyasının mərkəzinə çevrilmək potensialına malikdir və hazırda təxminən 50 min türk dünyasından olan tələbə adada təhsil alır.

O, həmçinin qeyd edib ki, ŞKTC ortaq türk əlifbası, ümumi tarix və mədəni tədbirlər vasitəsilə “dildə, fikirdə, işdə birlik” prinsiplərinə güclü dəstək verir.

Kipr türk xalqına qarşı tətbiq olunan haqsız embarqo və təcridlərə diqqət çəkən Öksüzoğlu, türk dövlətlərini həmrəyliyə çağırıb və Atatürkün “Yurdda sülh, dünyada sülh” prinsipinə uyğun olaraq Türk dünyasının ortaq dəyərlər ətrafında birləşməsinin vacibliyini vurğulayıb.

TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım da çıxışında “ŞKTC Türk Dövlətləri ailəsinin ayrılmaz bir hissəsidir” deyərək, bu həqiqəti heç bir cəhdin və ya təbliğatın dəyişdirə bilməyəcəyini qeyd edib.

Yıldırım əlavə edib ki, bu mesaj may ayında ŞKTC-də keçirilən TDT Ağsaqqallar Şurasının 17-ci iclası ilə bütün dünyaya çatdırılıb. O həmçinin bildirib ki, Türk Dövlətlərinin təhlükəsizliyi Şərqi Aralıq dənizindən başlayaraq Monqolustan sərhədlərinə və Balkanlara qədər uzanır.

Binəli Yıldırım vurğulayıb ki, ŞKTC-nin TDT-dəki varlığını müzakirəyə açmaq istəyənlərə ən yaxşı cavab, adanın Qəbələdə keçirilən TDT-nin 12-ci Dövlət və Hökumət Başçıları Zirvəsində ən yüksək səviyyədə təmsil olunmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
icma.az

1Mənbələr