AZ

İran nüvə müfəttişləri ilə əməkdaşlığı gücləndirməlidir - Qrossi

BAKI,TurkicWorld, Nailə Babazadə

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib ki, İran, Qərblə gərginliyin daha da artmaması üçün BMT müfəttişləri ilə əməkdaşlığını “ciddi şəkildə yaxşılaşdırmalıdır”.

TurkicWorld xəbər verir ki, Qrossi açıqlamasında bildirib ki, MAQATE İyun ayında İranla İsrail arasında başlayan müharibədən bəri İranda 10-dan çox yoxlama həyata keçirib. Lakin müfəttişlərə ABŞ tərəfindən bombalanmış bəzi nüvə obyektlərinə – Fordo, Nətənz və İsfahana – daxil olmağa icazə verilməyib.

Qrossi oktyabr ayında açıqlamışdı ki, İranın zənginləşdirilmiş uran ehtiyatları yaxınlığında bəzi hərəkətlər qeydə alınıb, lakin bu, “zənginləşdirmə prosesinin getdiyi anlamına gəlmir”.

Bu bəyanatdan sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib ki, Qrossi “İranın nüvə proqramının tamamilə dinc xarakter daşıdığını yaxşı bilir” və onun bununla bağlı “əsası olmayan fikirlər səsləndirməsi yolverilməzdir”.

İran rəsmiləri həmçinin MAQATE-ni, idarə heyətinin İranın Atom Silahlarının Yayılmaması Müqaviləsini pozduğunu elan edən qətnaməni qəbul etməsindən bir gün sonra başlayan İsrail hücumlarına haqq qazandırmaqda ittiham ediblər.

Qrossi “Financial Times”a müsahibəsində deyib ki, agentlik İranla “gərgin” münasibətlərə anlayışla yanaşmağa çalışsa da, Tehran yenə də öhdəliklərini yerinə yetirməlidir.

“Heç kim belə deyə bilməz: ‘Mən nüvə silahlarının yayılmaması sazişinə əməl edirəm’, lakin sonra öz öhdəliklərini pozur.Heç kim MAQATE-dən belə mövqe gözləyə bilməz: ‘Yaxşı, müharibə gedir, deməli siz başqa kateqoriyaya daxilsiniz’. Əks halda, mən deməli olacam ki, bu materiallarla bağlı bütün nəzarət imkanlarımı itirmişəm.”-deyə o bildirib.

Seçilən
30
turkic.world

1Mənbələr