AZ

ABŞ-də iki Azərbaycan vətəndaşı sui-qəsd cəhdinə görə 25 il həbs cəzası aldı

Ajans.az Azad İran-a istinadən  xəbər verir ki, İran hökumətinin sifarişi ilə həyata keçirilən sui-qəsd planında iştirak edən Rafet Əmirov və Polad Ömərov ağır cəzalara məhkum ediliblər. Qətli icra etməli olan digər şəxs, Xalid Mehdiyevin hökmü isə yaxın günlərdə elan ediləcək. Rəsmi sənədlərdə və beynəlxalq mediada bu şəxslərin Rusiya mafiyası və ya Şərqi Avropa cinayətkar qruplaşmasının üzvləri kimi göstərilməsinə baxmayaraq, onların hər üçünün Azərbaycan əsilli olduğu təsdiqlənib. 46 yaşlı “qanuni oğru” Rafet Əmirov cinayət aləmində “Fəxrəddin Mirzoyev”, “Rim” və “Roma” ləqəbləri, həmçinin doğulduğu Əli-Bayramlı (indiki Şirvan) şəhərinin adı ilə “Rafet Əlibayramski” kimi tanınır. Məlumata görə, o, hazırda İran vətəndaşıdır. 40 yaşlı Polad Ömərov (“Araz Əliyev”, “Polad Qaqa”, “Hacı Qaqa”) Gürcüstanın Dmanisi bölgəsində anadan olub və Gürcüstan vətəndaşıdır. R. Əmirov Özbəkistanda, P. Ömərov isə Çexiyada saxlanılaraq ABŞ-a ekstradisiya edilib. Cinayətkar qrupun ilk həbs edilən üzvü 23 yaşlı keçmiş cüdoçu Xalid Mehdiyev olub. O, 2022-ci ilin yayında Bruklində – Məsih Əlinejadın yaşadığı binanın yaxınlığında saxlanılıb. Polis onun avtomobilində axtarış apararkən “Kalaşnikov” avtomatı, 66 patron və külli miqdarda nağd pul aşkarlayıb. Mehdiyevin sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi də müəyyən edilib. ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, sui-qəsd planı Rafet Əmirov və Polad Ömərov tərəfindən hazırlanıb, Xalid Mehdiyev isə əməliyyatı həyata keçirməli idi. İstintaq nəticəsində məlum olub ki, cinayətin sifarişçiləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dörd zabiti, o cümlədən bir general olub. SEPAH nümayəndələri R. Əmirova M. Əlinejadı qətlə yetirmək üçün 500 min dollar təklif edib, hədəf haqqında ətraflı məlumat, o cümlədən yaşayış ünvanını təqdim ediblər. 2022-ci ilin iyulunda R. Əmirov bu məlumatı P. Ömərova ötürüb, o isə öz növbəsində Nyu-Yorkun Yonkers şəhərində yaşayan X. Mehdiyevə göndərib. Həmçinin Mehdiyevə 30 min dollar avans ödənişi də edilib.

 

Seçilən
17
Ajans.az

1Mənbələr