AZ

Cənubi Afrika Respublikasında Zəfərin 5-ci ildönümü qeyd olunub

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 4-də Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi tərəfindən 8 noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə fotosərgi və rəsmi ziyafət təşkil edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın CAR-dakı Səfirliyindən məlumat verilib.

Müvəqqəti işlər vəkili Hüseyn Rəhimli Vətən Müharibəsində xalqımızın cəsarət, şücaət və birlik nümayişindən danışıb, 30 ilə yaxın davam edən təcavüzə və işğala son qoyulduğunu və beləliklə ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini vurğulayıb. Diplomat qeyd edib ki, Azərbaycan 2020-ci ilə qədər problemi danışıqlar yolu ilə həll etməyə çalışsa da, Ermənistan işğalı möhkəmləndirib və BMT qətnamələrinin heç birini yerinə yetirməyib.

Hüseyn Rəhimli Azərbaycan xalqının işğalla heç vaxt barışmadığını, ərazi bütövlüyünün bərpasında sarsılmaz iradəyə malik olduğunu vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin ölkənin hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və ordunun yaradılması sahəsində böyük xidmətlər göstərdiyini, Prezident İlham Əliyevin isə davam etdirilən siyasət nəticəsində iqtisadiyyatın daha da gücləndirildiyini və ordunun modernləşdirildiyini qeyd edib.

Diqqətə çatdırılıb ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribata başlayaraq Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutub. Azərbaycan ordusu sürətli əks-hücum həyata keçirərək “Dəmir Yumruq Əməliyyatı” ilə Vətən müharibəsini başlayıb. 44 günlük müharibədə Azərbaycan 300-dən çox yaşayış məntəqəsini düşməndən geri alıb, noyabrın 8-də isə Şuşa şəhəri nadir hərbi əməliyyatla işğaldan azad olunub. Bu Qələbə nəticəsində hər il noyabrın 8-i “Zəfər Günü” kimi qeyd edilir.

CAR-ın Müdafiə nazirliyinin Xarici əlaqələr idarəsinin rəisi Dion de Vos təmsil etdiyi nazirlik adından Zəfər Günü münasibətilə xalqınmıza təbriklərini çatdıraraq, Azərbaycanın sevincinə şərik olduğunu dilə gətirib. O, 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, şanlı Qələbəmizin müstəqilliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizədə nümunəvi olduğunu vurğulayıb. Dion de Vos, həmçinin ikitərəfli münasibətlərin inkişaf imkanları, qarşılıqlı maraq doğura biləcək əməkdaşlıq istiqamətləri barədə danışıb, Azərbaycanın əldə etdiyi uğurların bölgədə sabitliyin bərqərar olunmasına möhkəm zəmin yaratdığını söyləyib.

Tədbir bədii hissə ilə davam edib.

Seçilən
69
azertag.az

1Mənbələr