AZ

Tofiq Abbasov: Tramp administrasiyası ölü orqanizmə süni nəfəs verir

BMT və onun bütün mexanizmləri demək olar ki, iflic vəziyyətdədir

Biz iki lider- Donald Tramp və Benjamin Netanyahu arasında qarşıdurmanın şahidi oluruq

ABŞ lazım gəldikdə İsrailə qarşı çıxmaq üçün güc istifadə etməzsə, nüfuzunu itirəcək

ABŞ Prezidenti Donald Trampın administrasiyası Vaşinqtonun vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasına əməl olunmasını təmin etmək üçün Qəzza zolağına çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsi üzərində işləyir.
Bu barədə mənbəyə istinadla CNN məlumat yayıb.
Telekanalın mənbələri bildiriblər ki, müvəqqəti təhlükəsizlik qüvvələrinin yaradılmasının təfərrüatları müzakirə edilir, bura Qəzza zolağının demilitarizasiyası və yeni Fələstin polis qüvvələrinin hazırlanması daxildir. Mənbə əlavə edib ki, ABŞ qoşunları Qəzza zolağının daxilində bu təhlükəsizlik qüvvələrinin bir hissəsi olmayacaq, ancaq zolaqdan kənarda koordinasiya funksiyası yerinə yetirəcək. Qeyd olunur ki, qətnamənin ilkin versiyaları artıq BMT Təhlükəsizlik Şurasının digər üzvlərinə də çatdırılıb.
“Politico” oktyabrın 16-da Pentaqona istinadla yazmışdı ki, Pakistan, Azərbaycan və İndoneziyanın vəziyyəti sabitləşdirməyə kömək etmək üçün Qəzza zolağına qoşun göndərəcəyi gözlənilir.
“Türkiyə” qəzetinin noyabrın 3-də yaydığı məlumata əsasən, beynəlxalq qüvvələrə Türkiyə hərbçilərinin də daxil edilməsi mümkündür, amma regionun təhlükəsizliyini təmin etmək üçün daha çox Misir, Pakistan və Azərbaycan kontingentlərinin göndərilməsi ehtimalı yüksəkdir. “Axios”un yaydığı məlumatda da Azərbaycanın adı çəkilib. Portal bildirmişdi ki, qüvvələrə Azərbaycan, Misir, İndoneziya və Türkiyədən nümayəndələr, həmçinin Fələstin polis bölmələri daxil olacaq. Layihəyə əsasən, onlar zolağın Misir və İsrail ilə sərhədində yerləşdiriləcəklər.
Oktyabrın 30-da “AnewZ”un yaydığı məlumatda qeyd olunmuşdu ki, ABŞ Azərbaycana müraciət edərək, Qəzza zolağında təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq missiyaya qoşulmasını xahiş edib. Mənbə vurğulamışdı ki, Azərbaycanın mövqeyi qətidir: hər hansı bir iştirak beynəlxalq legitimliyi təmin edən və aydın mandatı müəyyən edən BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanmalıdır.

Politoloq Tofiq Abbasov Sherg.az-a deyib ki, Tramp administrasiyasının bu addımları, istəkləri, arzusu ölü bir orqanizmə süni nəfəs vermə əhvalatını xatırladır:

"Faktiki olaraq BMT və onun bütün mexanizmləri, o cümlədən Təhlükəsizlik Şurası demək olar ki, iflic vəziyyətdədir. Bu iflicliyin səbəbi məhz fövqəladə gücə malik dövlətlərin davranışıdır. Biz bunun şahidi olmuşuq. Məsələn, Azərbaycan-Ermənistan münaqişəsi kontekstində də görmüşük ki, BMT və onun mandatından istifadə etməyə çalışan ATƏT və Minsk Qrupu faktiki olaraq real təsirə malik olmayaraq heç nə edə bilmədi. Dünya qanunvericiliyini Cənubi Qafqazda tətbiq etmək mümkün olmadı. Yaxın Şərqdə də vəziyyət oxşardır: İsrail-Fələstin, Suriya və digər məsələlər üzrə qəbul olunan qətnamələrin əksəriyyətinin reallaşmasına təsiri olmadı. ABŞ isə, demək olar ki, həm Yaxın Şərqdə, həm Qafqazda, həm də postsovet məkanında BMT-ni işlək mexanizmə çevirəcək addımlar atmır. Vaşinqtonun düşüncəsində qanunvericiliyin bərpası mövzusu prioritetə düşüb. Amma bu nə dərəcədə realdır, deyə özüm də şübhə hiss edirəm. Ətrafda vəziyyət gərgindir. Açıq-aşkar görünür ki, Təl-Əviv Vaşinqtonun sözünü eşitmək istəmir, ABŞ isə tələb edir. Burada biz iki lider- Donald Tramp və Benjamin Netanyahu arasında qarşıdurmanın şahidi oluruq. Onların münasibətləri dünya birliyi qarşısında bir çox məsələlərin həllinə təsir göstərəcək. Suallar artıq sadə formal məsələlər deyil: kim kimdən asılıdır-Vaşinqton Təl-Əvivdən yoxsa Tel-Əviv Vaşinqtondan? Əgər Donald Tramp özünü dünya prezidenti kimi aparmaq istəyirsə, ilk növbədə əlində olan İsrailə təzyiq göstərməyə başlamalıdır. Çünki Təl-Əviv xaricdə demək olar ki, heç bir qanuna tabe olmadığını göstərir və ABŞ lazım gəldikdə bunu görməzdən gəlir. Hazırkı administrasiyanın Tramp üçün xoş olmayan tərəfi budur ki, Ağ Evin sahibi bildirir: Mən istənilən yerdə müharibələri başlada və dayandıra bilərəm, dünyanın ağası mənəm. Hələlik bu iddia bir qədər güclüdür. Çünki ABŞ hələ dominant mövqedədir və onun sözü ağırlığa malikdir. Amma nə dərəcədə Tramp bu vəziyyəti idarə edə bilir? Məncə, onu idarə edirlər. Çünki ABŞ daxilində yəhudi lobisinin həm müxtəlif fraksiyaları, həm də İsrailin fəal tərəfdarları var. Onlar vaxtilə Trampın seçki kampaniyasına dəstək verən, onu maliyyələşdirən qüvvələrdir və istəklərini bildirə bilərlər. Burada Miriam Adelson amili də var. O, yəhudi əsilli iş adamı qadındır. Vaxtilə onun ərinin Amerikada bəzi oyun-biznesi və digər sahələrə məsuliyyəti olub. Onlar xeyli pul qazanıblar, sonradan isə ailə faciələri, narkotiklərlə bağlı problemlər də yaşanıb. Miriam Adelsonun İsrailə olan tərəfdarlığı açıq-aydın görünür. Bu, Trampa qarşı da müəyyən öhdəliklər yaradır. Ona xatırladırlar ki, biz səni dəstəkləmişik və öhdəliyini yerinə yetirməlisən. Belə bir vəziyyətdə ABŞ Prezidenti qərar verir ki, BMT-ni canlandırsın, ona yeni bir rol versin və Fələstin polislərini bölgəyə yerləşdirsin. Hesab etmirəm ki, bu çox işlək mexanizm ola bilər. Çünki kövrək sistemləri dağıtmaq daha asandır, tikmək və inşa etmək isə çox çətindir".

Analitik əlavə edib ki, əgər sözügedən qətnamə perspektivdə qəbul olunarsa belə, onun ciddi təsiri olacağını gözləmir:
"ABŞ bütün proseslərdə öz gücünü göstərməzsə, yəni lazım gəldikdə İsrailə qarşı çıxmaq üçün güc istifadə etməzsə, nüfuzunu itirəcək. Hazırda gedən şantaj nümayişlərinin yaradıcı və icraedici qüvvəsi kimi yəhudi lobbi-qrupları ABŞ daxilində, eləcə də dünya birliyində təsir sahibidirlər. Əgər İsraildəki azğın siyasətə qarşı çıxan yəhudilər ABŞ-də və dünyada səs qazana bilsələr, onda BMT-nin qəbul etdiyi qətnamələrin təsirə malik olacağına ümid etmək olar. Əks halda, bu, yalnız formal bir sənəd olaraq qalacaq".

Aynur Babazadə
Seçilən
31
1
sherg.az

2Mənbələr