AZ

Azərbaycan Çin Beynəlxalq İdxal Sərgisində 2 stendlə təmsil olunur  

Çinin Şanxay şəhərində 8-ci Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Çin Sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır.

Çinin Ticarət Nazirliyinin, Şanxay meriyasının və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə keçirilən sərgidə 155 ölkə və beynəlxalq təşkilatdan təxminən 4 mindən çox iştirakçı iştirak edir. Sərgidə Azərbaycandan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir.

Sərginin 430 min kvadratmetrlik ekspozisiya sahəsində ölkə və şirkət pavilyonlarında məhsul, texnologiya və xidmətlər təqdim olunur. Azərbaycan İqtisadiyyat Nazirliyi və ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə növbəti dəfə sözügedən sərgidə vahid ölkə və kommersiya stendləri ilə iştirak edir. Bu il Osaka şəhərində keçirilən "Expo 2025" sərgisində qurulan Azərbaycan pavilyonunun dizaynından ilhamlanaraq hazırlanmış ölkə stendində Azərbaycanın turizm, innovasiya, yaşıl enerji, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əldə olunmuş nailiyyətlər, perspektivlər, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri və tematik videoçarxlar nümayiş olunur.

Bundan başqa, stenddə Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri, o cümlədən XIX əsrin ikinci yarısına aid milli kişi geyim dəsti və milli geyim dəstləri, kəlağayılar, musiqi alətləri, ölkəmizin müxtəlif bölgələrinin xalçaçılıq məktəblərinin xalça nümunələri, əl işi olan və milli ornamentlərin əks olunduğu keramika məhsulları, milli şirniyyatlar yer alıb. Ziyarətçilərə müxtəlif çap məhsulları, eləcə də Azərbaycanda 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan olunması ilə bağlı məlumatlar təqdim olunur.

“Made in Azerbaijan” stendində isə sərgi ziyarətçilərinə Azərbaycan şirkətlərinin istehsal etdikləri şərab, brendi və digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, fındıq, nar şirəsi, konservlər və s. məhsullar nümayiş olunur. Stenddə həmçinin Çindəki ticarət evlərində nümayiş olunan yerli məhsullarımiz da yer alıb. Bundan başqa, xidmət ixracının dəstəklənməsi məqsədilə Xəzəryanı regionda qida sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilən yerli “InterFood Azerbaijan” sərgisi haqqında məlumat verilir və xarici şirkətlərin sözügedən sərgidə təmsil olunması təşviq edilir.

Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi dünyada ölkə səviyyəsində yeganə idxal sərgisidir. Sərgi noyabrın 10-dək davam edəcək.

Seçilən
41
1
azerbaijan-news.az

2Mənbələr