AZ

“Bir qadın” serialındakı müzakirələrə səbəb olan səhnə ilə bağlı rejissordan AÇIQLAMA – VİDEO

“Bir qadın” serialında ailə münaqişəsi, bıçaqlanma və “başını kəsəcəm”, “öldürəcəm” kimi ifadələr əks olunan səhnələr sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Tamaşaçılar bu kadrların ailə modelinə mənfi təsir göstərə biləcəyini iddia ediblər.

Heç şübhəsiz ki, efirdə səslənən təhqiramiz ifadələr və zorakılıq səhnələri cəmiyyətin, xüsusilə də ailə dəyərlərinin formalaşmasına mənfi təsir göstərə bilər. Belə məzmunlar tamaşaçıda aqressiyanı və gərginliyi normallaşdıra, ailədaxili münasibətlərə yanlış mesaj ötürə bilər.

Bəs serialın rejissoru bu gedişatla bağlı hansı mövqedə çıxış edir:

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq serialın rejissoru Şahin Qəhrəman bildirib ki, həmin səhnələr zorakılığı təbliğ etmir, əksinə, onun mənfi nəticələrini göstərmək məqsədi daşıyır:
 

 ““Bir qadın” serialında gördüyünüz səhnələr heç vaxt zorakılığı və ya aqressiyanı təbliğ etmək məqsədi daşımır. Əksinə, bu kadrlar ailədaxili gərginliklərin, münasibətlərdəki yanlış davranışların cəmiyyətə necə mənfi təsir göstərə biləcəyini göstərmək üçün qurulub.


Biz bu səhnələrlə insanlara “baxın, belə olmamalıdır” mesajı veririk”, - deyə Şahin Qəhrəman bildirib.  

Rejissorun sözlərinə görə, məqsəd tamaşaçını düşündürmək, ailə münasibətlərində sevgi və anlayışın önəmini vurğulamaqdır:

 “Hər bir zorakılıq səhnəsi, əslində, sevgi və anlayışın yoxluğunun acı nəticəsini göstərir. Serialın əsas mövqeyi aydındır, ailə zorakılıqla deyil, qarşılıqlı hörmət və anlayışla qorunur”.
 

Şahin Qəhrəman əlavə edib ki, yaradıcı komanda zorakılığı normallaşdırmaq deyil, onun qarşısını almağa çağıran mesajlar verməyə çalışır.


Sözügedən mövzu ilə bağlı Azərbaycan Respublikası Audiovizual Şurasına da sorğu ünvanladıq.

Mövzunu diqqətdə saxlayacağıq.



Aygün Hüseyn, Bizim.Media

Seçilən
23
1
bizim.media

2Mənbələr