AZ

Bild: Ukrayna ordusu Pokrovskda mühasirəyə düşə bilər...

Ukrayna qüvvələrinin vəziyyəti kritik həddə çatıb, bəzi bölmələr artıq demək olar ki, tam mühasirəyə alınıb…

Poliqon xəbər verir ki, Almaniyanın Bild qəzeti Ukrayna Silahlı Qüvvələrindəki və kəşfiyyatdakı mənbələrə istinadən Donetsk vilayətindəki Pokrovsk şəhəri ətrafında vəziyyətin kəskinləşdiyini yazıb. Qəzetin məlumatına görə, Ukrayna ordusu burada mühasirə təhlükəsi ilə üz-üzədir və cəbhə xəttində vəziyyət nəzarətdən çıxmaq üzrədir.

Məqalədə qeyd olunur ki, Ukrayna prezidenti Vladimir Zelenski yenidən ordunun vaxtında geri çəkilməsini təmin etməməkdə ittiham olunur.

“Eyni zamanda Zelenskinin məsuliyyəti müzakirə olunur. Onu bir daha ordunun çoxdan həyata keçirilməli olan geri çəkilməsini təmin etməməkdə günahlandırırlar”, deyə Bild yazır.

Bir ukraynalı hərbçi qəzetə bildirib ki, vəziyyət “son dərəcə ağırdır” və ordunun mühasirədən çıxma ehtimalı getdikcə azalır. Digər bir əsgər isə bəzi bölmələrin artıq demək olar ki, tamamilə mühasirəyə düşdüyünü söyləyib.

“Vəziyyət çox çətindir. Şəhərin 80 faizini itirmişik. Qalan 20 faiz uğrunda hələ döyüşürük, amma orada da uduzuruq. Mirnoqrad və daha cənubdakı uşaqların vəziyyəti lap pisdir. Onlar faktiki olaraq mühasirədədirlər”, deyə əsgər bildirib.

Mirnoqraddan danışan digər döyüşçü isə vəziyyətin ümidsiz olduğunu etiraf edib.

“Əgər geri çəkilmək əmri alsaq belə, çox güman ki, sağ qalmarıq. Rodinskə qədər heç kim sağ çatmaz. Daha yaxşısı yerində qalmaq və sonda azad olunmağı və ya əsir düşməyi gözləməkdir”, deyə həmin əsgər söyləyib.

Ukraynalı diplomat Bild-ə açıqlamasında Pokrovskdakı vəziyyəti Baхmutun müdafiəsi ilə müqayisə edib.

“Eyni mənzərədir. Biz qəhrəmanlıqla müdafiə olunur, Rusiyanın vəziyyətinin daha pis olduğunu deyirik, amma sonda geri çəkilirik. Hər dəfə görürsünüz ki, şəhərin müdafiəsinə kəşfiyyat bölmələri cəlb olunur və bu, döyüşün sonuna yaxın baş verir”, deyə diplomat bildirib.

Qəzet yazır ki, Ukrayna ordusundakı bəzi zabitlər də gecikmiş əks-hücum əməliyyatlarını tənqid ediblər.

“Əks-hücumlar çox gec və çox zəif idi. Onlar bunu bir ay əvvəl, ruslar şəhərə daxil olanda etməli idilər. İndi isə gecdir və yalnız əlavə itkilərə səbəb olur”, deyə bir zabit vurğulayıb.

Zelenskinin tərəfdarları isə bildirirlər ki, Pokrovskun hərbi və simvolik əhəmiyyəti böyükdür. Onların fikrincə, şəhərin saxlanılması təkcə cəbhə xətti üçün deyil, həm də Ukraynanın beynəlxalq reputasiyası üçün vacibdir. Xüsusilə ABŞ prezidenti Donald Tramp qarşısında zəif görünməmək məqsədi ilə Zelenskinin geri çəkilməyə razı olmadığını iddia edirlər.

Bild qeyd edir ki, Kiyevdə Trampın Ukraynadan uzaqlaşmaması üçün Zelenskinin hərbi uğursuzluqlardan yayınmağa çalışdığı barədə şayiələr dolaşır. Pokrovsk və Mirnoqradın itirilməsi isə Vaşinqton üçün ciddi simvolik nəticələr doğura bilər.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr