AZ

ABŞ-dən savaş anonsu: Ordu hərəkətə keçdi - Hansı ölkələri hücum gözləyir?

Venesuela sərhədlərinə ordu topladıqdan sonra Tramp bu dəfə Nigeriyanı “xristianlara qarşı zorakılığa” görə hərbi müdaxilə ilə hədələyib. O, Nigeriyada xristianların təqib olunduğunu iddia edərək buna “susmayacağını” bildirib. Tramp Venesuelada “narkotacirləri təmizləmək”, Nigeriyada isə “xristianları qorumaq” bəhanəsini irəli sürsə də, müşahidəçilər bu ritorikanın arxasında başqa maraqların dayandığını düşünür. Diqqətçəkən məqam isə həm Venesuela, həm də Nigeriyanın neft və qazla zəngin ölkələr olmasıdır.   Diqqətçəkən məqam isə həm Venesuela, həm də Nigeriyanın neft və qazla zəngin ölkələr olmasıdır.  
 
Trampın ardıcıl şəkildə bu kimi ölkələri hədəfə alması hansı strateji məqsədlərə xidmət edir?
Moderator.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Trampın siyasəti təzadlarla zəngindir: 
 
“Bir tərəfdən o, “müharibələri dayandıran lider” obrazı yaradır, sülhsevər və məsuliyyətli siyasətçi kimi çıxış edir, digər tərəfdən isə yeni münaqişələrə səbəb olur. Çünki faktiki olaraq, qondarma bəhanələr üzərində təhdidlər şişirdilir. Məsələn, guya Venesuela gəmiləri narkotik maddələri Amerikaya daşıyır və bu, Maduro rejiminin “narko-biznesinə” son qoymaq üçün əsas sayılır. Halbuki bu iddia reallığa uyğun deyil. Bütün dünya yaxşı bilir ki, Cənubi Amerikada narkotiklərin həm istehsalı, həm də tranziti əsasən Kolumbiya kartellərinin nəzarətindədir. Digər tərəfdən, Venesuelanın gəmilərinin ABŞ sahillərinə çatmaq imkanları texniki cəhətdən mümkünsüzdür. Bu kiçik gəmilər maksimum 500 mil məsafə qət edə bilir, daha uzağa getmək üçün isə xüsusi texniki baxışdan keçmiş, güclü mühərrikli vasitələr tələb olunur. Belə olan halda, Trampın bəhanələri reallıqdan çox, siyasi məqsədlərlə şişirdilmiş iddialar təsiri bağışlayır.
Əslində, bu, yalandan uydurulmuş bir bəhanədir. Trampa lazım olan tək şey Venesuelanın zəngin neft ehtiyatlarının "açarını" ələ keçirməkdir. Bu, onun siyasətinin əsas elementlərindən biridir — açıq desək, qarət siyasətidir.
 
Bununla belə, etiraf etmək lazımdır ki, Tramp Qafqaz bölgəsində fərqli bir mövqe sərgiləyir. Heç olmasa, Ermənistanın işğalçı siyasətini dəstəkləmir və Azərbaycanın ərazi bütövlüyünü tanımaqla düzgün mövqedə dayanır. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə münasibətləri də təqdira layiqdir — Tramp bu məsələdə sözün düzü deyir”.
 
Politoloq qeyd edib ki,  Nigeriyada da eyni ssenarini görürük. Qondarma bəhanələr səsləndirilir — guya ölkədə xristian azlığa qarşı zorakılıqlar, soyqırım və dini təmizləmə siyasəti həyata keçirilir:
 
“Tramp və digər Qərb siyasətçiləri bu mövzuya dini prizmadan baxaraq “xristian azlığın müdafiəsi” adı altında hərbi müdaxilə üçün zəmin yaradırlar. Halbuki həm yerli, həm də beynəlxalq mənbələr təsdiqləyir ki, Nigeriyada zaman-zaman etnik və dini toqquşmalar baş versə də, bunlar soyqırım miqyasında hadisələr deyil. Əslində, Trampın bu məsələyə diqqət yetirməsinin arxasında da enerji maraqları dayanır. Nigeriya Afrikanın ən böyük neft və qaz ehtiyatlarına malik ölkələrindən biridir. Uzun illərdir ki, bu sərvətlərin idarə olunması ölkə hakim dairələrinin şəxsi maraqları çərçivəsində baş verir, nəticədə xalq sosial ədalətsizlik və ümidsizlik içində qalır. ABŞ üçünsə bu, həm iqtisadi, həm də strateji fürsətdir. ABŞ Müdafiə Nazirliyi səviyyəsində Nigeriya ilə bağlı “təhlükəsizlik əməkdaşlığı” və “sabitlik tədbirləri” adı altında yeni təlimatlar hazırlanır. Bu, əslində, Nigeriyaya qarşı təzyiqlərin artacağına və hətta hakimiyyət dəyişikliyinə yol aça biləcək yeni mərhələnin başlanğıcıdır. Əgər yeni hakimiyyət formalaşacaqsa, təbii ki, onların siyasəti Amerikapərəst xəttə yönələcək. Çünki artıq İctimai Palatada və müəyyən siyasi çevrələrdə bu istiqaməti dəstəkləyən xadimlər və qruplar var. Bu qüvvələr elə bir hakimiyyətin formalaşmasına çalışırlar ki, ABŞ-la münasibətlər yenidən bərpa olunsun, Amerika şirkətləri və transmilli korporasiyalar ölkədə fəaliyyət imkanlarını genişləndirsinlər.
Hazırda müşahidə olunan vəziyyət paradoksaldır: bir tərəfdən qruplar yaradılır, digər tərəfdən həmin strukturların özləri dağıdılır. Belə ziddiyyətli siyasət nə Amerikanın özünə başucalığı gətirə bilər, nə də beynəlxalq birlikdə sabitliyi təmin edə bilər. Nəticə etibarilə, Trampın “sülhsevər” imici ilə onun real siyasəti arasında dərin uçurum mövcuddur. 
Dünya gündəmində bu gün ən əsas məsələ sülh və sabitliyin qorunmasıdır. ABŞ əlbəttə ki, böyük potensiala və təsir imkanlarına malik dövlətdir. Ancaq güc və qüdrət dağıdıcılıq üçün istifadə olunursa, bu nə həmin güc sahibinə, nə də digər qüvvələrə sakitlik, sabitlik və inam gətirə bilər”.
Türkiyəli jurnalist və Yaxın Şərq üzrə siyasi şərhçi Deniz Bustani isə deyib ki, ABŞ indiyə qədər hücum etdiyi ölkələrin demək olar ki, hamısında demokratiya və insan haqları sahəsində bir nöqsan tapıb:
 
“Son olaraq ABŞ-ın Nigeriyada xristianları qorumaq kimi bir bəhanə irəli sürməsi mənə 2003-cü ildən sonrakı İraqı xatırlatdı. Səddamdan sonrakı İraqda da “Səddamın nüvə silahı var” iddiası ilə yanaşı, ABŞ-ın “xristianları qoruyacağıq” kimi bir təbliğatı var idi. Nəticədə isə iraqlı xristianların çoxu başqa ölkələrə qaçdı, qoruna bilmədilər. Bu gün də eyni vəziyyətin baş verə biləcəyini düşünürəm. ABŞ həmişə strateji əhəmiyyətli və ya enerji resurslarına sahib ölkələrdə “gözünün üstündə qaş var” məntiqi ilə qüsur axtaracaq. Sözügedən ölkələrdə demokratiya və insan haqları ilə bağlı real problemlər mövcud olduqda isə ABŞ bu vəziyyətdən istifadə edərək öz məqsədlərinə çatmaq üçün zəmin yarada bilir. Bu məntiqdən çıxış edərək deyə bilərəm ki, təbii sərvətlərlə zəngin ölkələr ədalətli idarəetmə və insan haqlarına hörmət istiqamətində inkişaf edə bilsələr, heç olmasa müəyyən qədər özlərini yadların şərindən qoruya bilərlər”.
 
Mehin Mehmanqızı
 
Seçilən
37
1
moderator.az

2Mənbələr