AZ

“Böyük Qayıdış yalnız humanitar missiya deyil, yeni inkişaf mərhələsidir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Böyük Qayıdış” proqramı postsovet məkanında yerdəyişmiş əhalinin öz torpaqlarına təhlükəsiz və davamlı şəkildə geri dönməsi üzrə ən böyük strateji təşəbbüslərdən biridir. Bu proses yalnız sosial reabilitasiya və infrastrukturun bərpası deyil, həm də regionda yeni təhlükəsizlik memarlığının formalaşdırılması, iqtisadi dinamizmin təmin edilməsi və demoqrafik balansın bərpası baxımından həyati əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, təhlükəsizlik komponenti prioritetdir. Ermənistanın uzun illər işğalında qalmış ərazilərin minalardan təmizlənməsi, sərhəd və daxili təhlükəsizlik sistemlərinin gücləndirilməsi gələcək inkişafın bünövrəsini təşkil edir: "İstənilən sosial-iqtisadi layihə yalnız insanların özlərini təhlükəsiz hiss etdiyi mühitdə davamlı ola bilər. Bu səbəbdən təhlükəsizlik addımlarının mərhələli və institusional əsasda qurulması dövlət strategiyasının mərkəzindədir. Böyük Qayıdış təkcə əhalinin məcburi köçkünlük statusundan azad edilməsi deyil, həm də regionun yeni iqtisadi ekosistemə uyğun qurulması deməkdir. Müasir urbanizasiya modeli, yaşıl enerji infrastrukturu, aqrar və sənaye layihələri, rəqəmsal xidmətlər və logistika mərkəzlərinin yaradılması bu proqramı ənənəvi bərpa mexanizmlərindən fərqləndirir. Məqsəd sadəcə kəndləri bərpa etmək deyil, dünya standartlarına cavab verən yeni inkişaf zonaları formalaşdırmaqdır.

Burada dövlətin rolu çərçivə və koordinasiya yaratmaqdır. Özəl sektor isə investisiya, innovasiya və məşğulluğun genişləndirilməsi baxımından əsas oyunçudur. Xüsusilə, yerli və xarici sərmayəçilər üçün şəffaf prosedurlar, vergi və inzibati güzəştlər, logistika üstünlükləri regionu cazibədar edir. Dövlət–özəl sektor tərəfdaşlığı bu layihənin uzunmüddətli dayanıqlığını təmin edən əsas mexanizmdir. Eyni zamanda beynəlxalq tərəfdaşların iştirakı həm maliyyə, həm texnoloji, həm də institusional təcrübə baxımından mühüm rol oynayır. Lakin Azərbaycan bu prosesdə suveren qərarvermə prinsipinə sadiq qalaraq, əməkdaşlığı milli maraqlara uyğun çərçivədə qurur. “Böyük Qayıdış” yalnız humanitar missiya deyil, həm də geosiyasi çəkisi olan, regionun gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasını müəyyənləşdirən kompleks dövlət strategiyasıdır. Bu layihənin uğuru regional sabitlik, iqtisadi inteqrasiya və nəhayət, ədalətin bərpası baxımından tarixi dönüş nöqtəsi olacaq".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
50
sia.az

1Mənbələr