AZ

Vüqar Bayramov: Azərbaycanda bir sıra sahələrin elmi potensialı kifayət qədər yüksəkdir

Bakı, 5 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının yubiley iclasında qeyd etdiyi əsas məqamlardan biri məhz elmi-texnologiyadan və insan kapitalından daha yaxşı istifadə olunmasıdır. Eyni zamanda, elmi-texnoloji yeniliklərə məruz qalan sektorlarla bağlıdır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O deyib ki, Azərbaycanda bir sıra sahələrin elmi potensialı kifayət qədər yüksəkdir və bu, texnologiyayönümlü iqtisadi modelin qurulması üçün mühüm bazadır: “Bir tərəfdən, təbii ki, universitetlərin beyin mərkəzlərinə çevrilməsi prosesi gedir. Beyin mərkəzlərinin isə həm də iqtisadiyyatın və sənayenin inkişafına töhfə vermək imkanları var. Digər tərəfdən, Azərbaycan elmi texnologiyanı və eyni zamanda, bölgədə innovasiyanı çox idxal edən ölkələrdən biridir. Təbii ki, texnologiyanın transfer edilməsi həm sənayedə yeni texnologiyadan daha yaxından istifadə olunması, həm də süni intellekt də daxil olmaqla, bir sıra sektorlarda informasiya texnologiyasının alətlərindən istifadə edilməsidir. Təbii ki, bu həm də qeyri-neft sektorunun inkişafı baxımından vacibdir”.

Vüqar Bayramov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş müasir dövrün yeni hədəflərində qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sektora daha çox xarici sərmayənin cəlb edilməsi əsas istiqamətlərdən biridir. “Bu baxımdan, elmi-texnoloji yeniliklərin dəstəklənməsi həm də iqtisadiyyatın diversifikasiyasına, neftdən asılılığın minimuma endirilməsinə, ümumilikdə müəyyənləşdirilmiş milli prioritetlərə daha yaxından nail olunmasına imkan yaradır”, - deyə deputat bildirib.

Seçilən
47
1
azertag.az

2Mənbələr