AZ

Himalay Məmişov: Gələn il dövlət büdcəsində sosialyönümlü xərclər 17,1 milyard manata çatacaq

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasında 2026-cı il və sonrakı dövr üçün büdcə-vergi siyasəti iqtisadi sabitliyin qorunması, sahibkarlığın dəstəklənməsi və sosial rifahın artırılması istiqamətində formalaşdırılıb. Gələn il dövlət büdcəsinin xərcləri 41,7 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 4 milyard manat və ya 10,6 faiz çoxdur. 2026-cı ildə sosialyönümlü xərclərin həcmi 17,1 milyard manat təşkil edəcək və bu, büdcə xərclərinin 41,1 faizinə bərabər olacaq. Həmin xərclərin 89,7 faizi, yəni, 15,4 milyard manatı əməkhaqqı və sosial təminat istiqamətlərinə yönəldiləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.

H.Məmişovun sözlərinə görə, növbəti il sosial müdafiə və təminat sahəsinə 4,9 milyard manat ayrılacaq ki, bu da 2025-ci illə müqayisədə 2,6 faiz çoxdur. Müavinət və təqaüdlərin ödənilməsi üçün 2,1 milyard manat, aztəminatlı ailələrə sosial yardım üçün 465 milyon manat, məcburi köçkünlərə aylıq müavinətlər və digər sosial tədbirlər üçün isə 285 milyon manat vəsait nəzərdə tutulub.

Nazir müavini əlavə edib ki, təhsil və elm xərcləri 2026-cı ildə 5,2 milyard manat, səhiyyə xərcləri isə 2 milyard manat olacaq. Müdafiə və milli təhlükəsizlik istiqamətində 8,7 milyard manat vəsait ayrılması planlaşdırılır.

O vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədi xalqın rifahını yüksəltmək, sosial müdafiə sistemini möhkəmləndirmək və dayanıqlı iqtisadi inkişafı təmin etməkdir.

Seçilən
34
2
azertag.az

3Mənbələr