AZ

Molla Temir bulağı: Yaddaş, reallıq və bərpa perspektivi - ARAŞDIRMA

Qarıqışlaq kəndi Şərqi Zəngəzurun Laçın rayonunda, dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşir. Ağoğlan (Zabux) çayı kəndin əsas su hövzəsini təşkil edir. Bundan başqa, kənd ərazisində bir neçə bulaq da mövcud olub.

Onlardan biri əhalinin içməli su ilə təmin olunmasında xüsusi əhəmiyyəti olan "Eşşək bulağı"dır. Bu ad bulağın gözünün iri olması ilə bağlı yaranıb. Eşşəyin gözü iri və gözəl olduğundan çeşməyə belə bir isim verilib. Suyu son dərəcə sərin və yumşaqdır. Yayda qurumur, qışda donmur. Sonradan kənd sakinlərinin qərarı ilə bulaq daha zərif və mənəvi anlam daşıyan Qızlar bulağı adlandırılıb.

Qarıqışlaq kəndinin içməli suya olan əsas tələbatı isə uzun illər ərzində Təzir yamacından çəkilmiş Molla Temir bulağı vasitəsilə ödənib. Bu bulaq icma təşəbbüsü ilə kəndin mərkəzinə qədər çəkilib və burada iki yerdə camaatın istifadəsinə verilib:

  • biri kəndin orta məktəbi, poçtu və mağazası yaxınlığında,
  • digəri isə Eyvazlı məhəlləsində.

Bulağın kəndə çəkilişi XX əsrin 70-ci illərinə təsadüf edir. Bu proses kəndin həmrəyliyini, el birliyini nümayiş etdirən bir hadisə olub. Qarıqışlaq camaatı uşaqdan-böyüyə, qadın-kişi birgə çalışaraq suyu 1,5 kilometrlik çətin relyefdən kəndə gətirib.

Kənd sakini Arif Quliyevin xatirələrinə görə, bulağın çəkilməsi təşəbbüsünün təməlində insanlıq, xeyirxahlıq və yaddaş dayanır. Bulağın çəkilməsinin təşəbbüskarı Molla Temir olub. Uşaqlıqda çiçək xəstəliyi nəticəsində görmə qabiliyyətini tam itirsə də, dini təhsil almış, güclü hafizəyə malik bu şəxs kənddə böyük hörmət qazanıb. O, öz şəxsi vəsaiti hesabına bulağın suyunu kəndə çəkdirib.

\

Bulağın çəkilişində mühəndislik bilikləri ilə fərqlənən Usta Hüseyn kişinin, həmçinin kəndin zəhmətkeş sakinlərinin rolu xüsusi qeyd olunur. Bu proses el-oba həmrəyliyinin simvolu kimi yaddaşlarda qalıb.

Arif Quliyev deyir ki, kənd camaatı Təzirdən çəkilən bulağı xatirəsinə ehtiram əlaməti olaraq Molla Temir bulağı adlandırıb.

Laçının işğalı dövründə kəndlə yanaşı bulaqlar da dağıdılıb. Xüsusilə Molla Temir bulağı tamamilə sıradan çıxarılıb. Buna baxmayaraq, yeraltı boru xətlərinin müəyyən hissəsi hələ də mövcuddur. Bu fakt kəndin su irsinin yenidən bərpa olunması üçün əsas imkanlardan biri kimi dəyərləndirilir.

Hazırda kəndin baş planı hazırlanarkən Molla Temir bulağının yenidən kəndə çəkilməsi vacib məsələlərdən biri kimi gündəmə gəlir. Təklif olunur ki, Qarıqışlaq kəndi bərpa olunarkən, Molla Temir bulağı da yenidən istifadəyə verilsin. Bu, həm tarixi ədalətin bərpası, həm də bulağın çəkilməsində zəhməti olan insanların xatirəsinin əbədiləşdirilməsi baxımından əhəmiyyətli addım olar. Bulağın yenidən kəndin mərkəzinə çəkilməsi həm su ehtiyacını ödəyəcək, həm də kəndin tarixi-mənəvi simvolunun canlanmasına səbəb olacaq.

Qarıqışlaq kəndinin bulaqları təkcə təbii sərvət deyil, həm də sosial-mədəni irs nümunəsidir. Onların tarixçəsi kənd sakinlərinin yaddaşında bir birlik hekayəsi, bir insanlıq dəyəri kimi yaşayır. Bu bulaqların bərpası kəndin dirçəlişi ilə yanaşı, milli yaddaşın qorunması baxımından da mühüm əhəmiyyət daşıyır.

Məqalə “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şərqi Zəngəzurun Laçın rayonunda su təhlükəsizliyi” adlı sosial-ekoloji layihə çərivəsində hazırlanıb.

Seçilən
47
turkustan.az

1Mənbələr