AZ

Daşkəsən şəhidlərini anır

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Millətimizin qəti qələbəsilə nəticələnən 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidləri ölkəmizin hər bir guşəsində olduğu kimi uca dağlar qoynunda yerləşən Daşkəsəndə də bu əlamətdar günlərdə böyük sevgi ilə anılırlar.

Vətən torpaqlarının bütövlüyü uğrunda 5 il əvvəl 32 igid oğlu şəhid olan bu rayonun Şəhidlər Xiyabanında hər gün onların xatirəsinə ehtiram bildirmək məqsədilə insanlar toplaşır, bu qəhrəmanların fədakarlıqlarından söhbət açılır.

Vətən müharibəsi şəhidi əsgər Sərxan Məmmədovun da burada torpağa tapşırıldığı günün 5-ci ildönümündə onun yaxınları ilə yanaşı, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri,  şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin məzarına gül dəstələri düzülüb, xatirəsi anılıb, dualar oxunub.

Rayon rəhbəri Orxan Abbasov şəhidlərin ailə üzvlərinə, yaxınlarına  bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib.

O, həmçinin vurğulayıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və millətimizin həmrəyliyi sayəsində rəşadətli Ordumuzun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə xalqımızın, dövlətimizin sarsılmaz iradəsin bütün dünyaya sübut etdi və müqəddəs torpaqlarımızın düşmən tapdağından azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası naminə canından keçən igid şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

Çıxış edənlər Sərxan Məmmədovun mənalı həyatından, keçdiyi şərəfli döyüş yolundan və göstərdiyi igidlik nümunələrindən söz açıblar.

Xatırladılıb ki, Sərxan Sahil oğlu Məmmədov 2001-ci mayın 9-da Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.  Əsgər Sərxan Məmmədov 2020-ci il noyabrın 4-də Xocavənd döyüşləri zamanı, şəxsi igidlik və şücaət göstərərək, şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə,  Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Sərxan Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Anım mərasimində şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya, eləcə də qəhrəman Vətən övladlarının xatirəsinin daim əziz və  uca tutulduğuna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq hisslərini ifadə ediblər.

Zakir Muradov,

Daşkəsən – Gəncə

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
525.az

1Mənbələr