AZ

Azərbaycanlı ekspert İrəvanda - Birgə mexanizm yaradılması təklif olunur

Azərbaycanlı

İrəvanda iki günlük beynəlxalq “Orbeli Forum 2025: Sülhün qurulması və çoxtərəfli əməkdaşlıq” tədbiri davam edir. Tədbirdə Azərbaycan da daxil olmaqla 16 ölkədən 50-yə yaxın ekspertin iştirak etdiyi bildirilir.

Reyting.az
“Armenpress”-ə istinadla xəbər verir ki, ikinci panel müzakirəsində iştirak edən azərbaycanlı ekspert, Topçubaşov Analitik Mərkəzinin rəhbəri Rusif Hüseynov deyib ki, dövlətlər arasında əməkdaşlığın inkişafı üçün “3+3” kimi regional platformaların mövcudluğu həlledici əhəmiyyətə malikdir.

O bildirib: "Bir sıra səbəblərə görə “3+3” formatı tam fəaliyyət göstərməyib və onun gələcəyi hələ də məlum deyil. Üç Cənubi Qafqaz respublikası arasında harmonik əməkdaşlıq daha vacibdir. Mən müəyyən regional inteqrasiya layihələrinə həvəslə yanaşıram. Qarşılıqlı bağlılığını qoruyub saxlayan Baltikyanı ölkələrin əməkdaşlığı bizə nümunə ola bilər”.

Onun sözlərinə görə, bəzi fikir ayrılıqlarına baxmayaraq, Mərkəzi Asiya ölkələri əməkdaşlıq üçün ümumi platforma yarada biliblər və xarici tərəfdaşlarla fəal işləyirlər. Hüseynov Cənubi Qafqaz ölkələrinin üçtərəfli təmasların effektiv mexanizmləri ilə birgə vizyonunu formalaşdıra biləcəyinə ümid etdiyini deyib.

“Bu yaxınlarda biz bir məqalə dərc etmişik. Orada əməkdaşlıq üçün qarşılıqlı faydalı platformaya çevrilə biləcək regional fəlakətlərə birgə cavab mexanizminin yaradılmasını təklif etmişik”, - deyə azərbaycanlı ekspert əlavə edib.

Rusiyalı ekspert Sergey Markedonov qeyd edib ki, Cənubi Qafqazda sülh prosesi iki status-kvonun dəyişdirilməsindən sonra başlayıb:

“Bütün sülh müqavilələrinin müəllifləri var. Azərbaycan-Türkiyə variantı İran və ya Rusiya tərəfinin təsəvvüründən fərqli ola bilər, ona görə də regiondakı digər ölkələrin maraqlarını nəzərə almaq lazımdır. Məhz bu məqsədlə İran “3+3” platformasının yaradılmasını təklif edib. Sülhü möhkəmləndirmək üçün ayrı-seçkilik xətləri yaratmaqdansa, ilk növbədə, dövlətlərin həyati maraqlarını müzakirə etməklə müxtəlif baxışları nəzərə almaq lazımdır”.

Markedonov daha sonra əlavə edib:

“İsrail-ərəb münaqişəsinin həllinə mühüm töhfələrinə görə dörd nəfər Nobel Sülh Mükafatı alıb, lakin münaqişə hələ də həll olunmamış qalır və getdikcə daha çox insanın həyatına son qoyur, ona görə də yer üzündə münaqişələrin əsl səbəblərini anlamaq lazımdır”.

Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitutunun rəhbəri Tornike Şaraşenidze qeyd edib ki, birqütblü dünya düzəninin dağılmasından sonra beynəlxalq hadisələr son dərəcə sürətlə inkişaf edir, digər nüfuzlu qütblər fəallaşır və müharibələr alovlanır, əvvəllər yaradılmış status-kvo dəyişir:

"Bir çox ölkələr Ukrayna münaqişəsində müxtəlif dərəcələrdə iştirak edir və bu vəziyyət, şübhəsiz ki, gələcəkdə ümumi dünya nizamına təsir göstərəcək. Cənubi Qafqaz da qarşıdan gələn dəyişikliklərə hazır olmalıdır. Cənubi Qafqaz ölkələrinin manevr imkanları müqayisə olunmayacaq dərəcədə azdır, ona görə də onlar əməkdaşlığı inkişaf etdirməli və problemləri birgə həll etməlidirlər. Biz Cənubi Qafqazın coğrafi inkişafının sürətindən asılı ola bilmərik”.

Şaraşenidzenin fikrincə, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması ilə regionu təkcə mühüm nəqliyyat qovşağına deyil, həm də sabitlik platformasına çevirmək olar.

İran Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi Həsən Şirzadi qeyd edib ki, sülh prosesi hazırda başlanğıc mərhələsindədir. Buna görə də diqqətli davranmaq, vahid ticarət şərtləri, vahid ticarət zonası və üstünlüklü ticarət şərtləri tələb edir:

“Bu, tam inteqrasiyaya gətirib çıxaracaq. Amma bütün bunlar indiki şəraitdə hələ mümkün deyil. Buna baxmayaraq, bunu başlanğıc hesab etmək olar. İranlılar Azərbaycanla Ermənistan arasındakı münaqişəyə sərt yanaşdılar, çünki bizim hər iki ölkə ilə mehriban qonşuluq münasibətlərimiz var, ona görə də biz onlar arasında sülhün bərqərar olmasında maraqlıyıq. Sərhədimiz qonşularımız üçün həmişə açıq olub. Onlar bu gün də İran yollarından istifadə edirlər”.

Həsən Şirzadi sonda əlavə edib:

“Biz təzyiq və sanksiyalar altında yaşasaq da, müharibələrin əleyhinəyik. Əgər biz davamlı sülh istəyiriksə, o zaman hamı buna çalışmalıdır. İranın siyasəti bütün qonşuları ilə dostluq və dinc yanaşı yaşamaq prinsipinə əsaslanır və onu inkişaf etdirərkən hər birinin həyati maraqlarını nəzərə alırıq. Bu məqsədlə biz “3+3” platformasının formalaşmasına öz töhfəmizi vermişik”.

Y. QACAR
Seçilən
39
1
reyting.az

2Mənbələr