AZ

Nazir: Növbəti il 15 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək

Bakı, 5 noyabr, AZƏRTAC

Gələn il əhalinin məşğulluğunun artırılması və sosial rifahının gücləndirilməsi məqsədilə özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Növbəti il ərzində İcbari Sığorta Fondunun vəsaiti hesabına 8 min, Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində isə 7 min nəfər olmaqla, ümumilikdə 15 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək. Təqdim edilən dəstək zərflərinin tərkibi daha da müxtəlifləşdiriləcək və yeni zərf növünün tətbiqinə başlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında çıxışı zamanı məlumat verib.

Anar Əliyev qeyd edib ki, 2026-cı ildə işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil imkanlarının genişləndirilməsi istiqamətində 17 min 500 nəfərə yaxın vətəndaşın təlim prosesinə qoşulması nəzərdə tutulur. Təlimlərin Dövlət Məşğulluq Agentliyinin tabeliyindəki peşə hazırlığı mərkəzlərində, həmçinin özəl tədris müəssisələrində təşkil olunacağı bildirilib.

O əlavə edib ki, gələn il əmək bazarının tələblərinə uyğun olaraq 100 yeni peşə və kvalifikasiya standartı hazırlanacaq, 135 mövcud standart isə yenilənəcək.

Nazir vurğulayıb ki, bu tədbirlər işçi qüvvəsinin peşə bacarıqlarının artırılması, məşğulluq səviyyəsinin yüksəldilməsi və dayanıqlı əmək bazarının formalaşdırılmasına xidmət edəcək.

 

Seçilən
45
1
azertag.az

2Mənbələr