AZ

Prezident İlham Əliyev: Azərbaycan elmi milli tərəqqinin və müasir inkişafın aparıcı qüvvəsidir



3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev ölkəmizin elm siyasətinin əsas istiqamətlərini, alimlərin dövlət və cəmiyyət həyatındakı əvəzsiz rolunu və elmin milli tərəqqinin təməl dayağı kimi əhəmiyyətini dərin məzmunla ifadə etdi.

Dövlət başçısı qeyd etdi ki, səkkiz onillik ərzində Azərbaycan Milli Elmlər Akademiyası ölkənin intellektual potensialının formalaşmasında, milli kimliyin elmi əsaslarla qorunmasında və müasir elmi düşüncənin inkişafında mühüm xidmətlər göstərmişdir. Prezident İlham Əliyev vurğuladı ki, “Azərbaycan elmi bu gün artıq beynəlxalq səviyyədə tanınır, alimlərimizin nailiyyətləri ölkəmizin adını elm dünyasında qürurla ucaldır.”
Prezident çıxışında elmin dövlət siyasətində hər zaman prioritet sahə kimi qəbul olunduğunu qeyd edərək bildirdi ki, elmi-tədqiqat mərkəzlərinin müasirləşdirilməsi, gənc alimlərin yetişdirilməsi, elmin iqtisadiyyat və texnologiya ilə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın inkişaf strategiyasının əsas sütunlarını təşkil edir.
Dövlət başçısı xüsusilə gənclərin elmi yaradıcılığa cəlb olunmasının önəmini vurğuladı: “Bu gün minlərlə gənc azərbaycanlı dünyanın nüfuzlu universitetlərində təhsil alır və əldə etdiyi bilikləri vətənin gələcəyi naminə səfərbər edir. Gənclərimizin elmi düşüncəsi, vətənpərvərlik ruhu və innovativ baxışları Azərbaycanın gələcəyini müəyyən edəcək.”
Prezident İlham Əliyev həmçinin Azərbaycan dilinin saflığının və milli-mənəvi dəyərlərin qorunmasının dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu qeyd etdi: “Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın mənəvi borcudur. Dil, elm və mədəniyyət bir-birini tamamlayan, milli kimliyimizin əsas dayaqlarıdır.”
Çıxışda vurğulandı ki, Azərbaycan artıq elmi inkişafını yalnız daxili potensiala deyil, həm də beynəlxalq əməkdaşlığa və qlobal elmi mühitlə inteqrasiyaya əsaslanaraq qurur. Bu, ölkəmizin həm regionda, həm də dünyada nüfuzlu elmi mərkəzə çevrilməsi yolunda mühüm addımdır.

Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı bir daha təsdiqlədi ki, elm, təhsil və texnologiya Azərbaycanın dayanıqlı inkişaf modelinin aparıcı istiqamətləridir. Akademiyanın 80 illik yubileyi isə təkcə tarixi bir hadisə deyil, həm də yeni intellektual mərhələnin başlanğıc nöqtəsidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı



Seçilən
26
1
aia.az

2Mənbələr