AZ

"Bu hekayəni Vüqar yox, Süni zəka yazıb..." - Hekayə müzakirəsi

"Vüqarın hekayəsini ona görə oxudum ki, bəlkə, birdən yaxşı olar, vicdan əzabı çəkməyim. Ancaq zənnimdə yanılmadım. Bərbad hekayədir. Vüqar yaxşı redaktordur, başa düşmürəm, bu hekayənin dərcinə nə üçün razılıq verib? Ən azı, onun kimi yaxşı redaktordan belə hekayə gözləmirdim. Nə qədər "qadın" sözünü yazmaq olar? Bu sözü "o" ilə əvəz eləmək axı çox asandır.

"Qaraltı" müstəqillik dövrünün ən pis hekayəsidir. Hekayə mənim üçün heç bir məna kəsb etmədi. Vüqar fikirləşib ki, qadın xarakterinə bələd olduğunu bildirən bir mətn yazsın və bunu məişət üslubunda etməyə çalışıb. Təəssüf ki, alınmayıb".



İlqar Rəsul


"Vüqar Vanın bu hekayə ilə nə demək istədiyini anlamaq kifayətdir ki, müəllifin istedadına şübhən olmasın. Xüsusən, son cümlə məsələni həll edir. Ancaq ümumi mətn həmin cümləyə yetərincə xidmət edə bilmir, məncə. Yəni sıravi oxucunun anlaması üçün, məncə, hekayə yenidən işlənməli və yaxşı redaktə olunmalıdır.

Çünki mətndə bəzi artıq sözlər və lazımsız təkrarlar var.

Məsələn, hekayədə "qadın" sözünü o qədər təkrarlamağa ehtiyac yoxdur. Zatən ortada obraz olaraq qadından savayı heç kim yoxdur".



Orxan Cuvarlı


"Vüqar Vanın "Qaraltı" hekayəsini çox bəyəndim. Ürəklə, nə yazdığını bilərək yazıb. Eşq olsun!

Bizdə açıq finallar birmənalı qarşılanmır. Amma müasir sənət nümunələrində bu yanaşmanı tez-tez görürük. Həm filmlərdə, həm bədii nümunələrdə". Amma yenə deyirəm, müəllifin ağlında tutduğu və realizə etməyə çalışdığı ideyanı da, cəhdi də çox bəyəndim. Bu cür düşünə bilmək sıravi təfəkkür işi deyil".



Nadir Yalçın


"Vüqar Vanın “Şahid” hekayəsində də, “Qaraltı” hekayəsində də qəribə bir əllə tutulmayan, gözlə görülməyən, mücərrəd nəsnə var. Hətta “Şahid” barədə yazmaq istəyirdim, çətinlik çəkdim. Elə hekayələr var, onlar haqqında yazmaq, şərh etmək lazım deyil. Sadəcə oxumaq kifayətdir. O hekayələr heç bir işarə olmadan oxucusunu tapmalıdı. “Qaraltı”da da o mistika var və bir cümlə ilə belə ifadə etmək olar: “Qaraltı” hekayəsi bir insanın hər şeydən əli üzüləndə belə, bir dayaq, bir həyan, bir insan nəfəsi axtarışında olduğunu, bələkdəki körpəni özünə qaraçuxa bildiyini izah edir”.

Hekayənin dili də sadə, iddiasız, bəzəksiz və qışqırıqsızdı. Müəllifi təbrik edirəm".

Seçilən
25
1
kulis.az

2Mənbələr