"Yunus Oğuz ümumtürk təfəkkürünə sahib nadir yazıçılardandır. O, əsərlərində yalnız Azərbaycanı deyil, bütün türk dünyasını düşündürən mövzuları qələmə alır. Onun hər yeni kitabı məsuliyyət və vicdanla yazılmış bir əsərdir, hər cür mükafata və təqdirə layiqdir," - deyə professor vurğulayıb.
Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev də çıxış edərək Yunus Oğuzun yaradıcılığının türk mədəniyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib:
"Əziz dostlar, bu gün Atatürk mərkəzində toplaşmaqdan qürur duyuram. Atatürk türk dünyası üçün simvoldur.
TÜRKSOY olaraq iqtisadiyyatdan tutmuş dil, mədəniyyət və incəsənətə qədər bütün sahələrdə türk xalqlarının birliyinə çalışırıq. UNESCO ilə birgə iclaslarda da 300 milyonluq türk dünyasının dilinin beynəlxalq səviyyədə tanıdılması üçün fəaliyyət göstəririk."
Sultan Raev əlavə edib ki, Yunus Oğuzun "Nadir Şah" və "Əmir Teymur" kimi tarixi əsərləri türk tarixini yaşatması, bu birliyin gücləndirilməsində mühüm rol oynayır:
"Yunus Oğuz bizim tariximizi, dəyərlərimizi yaşadan, keçmişi gələcəklə birləşdirən altın bir yazardır."